"Qarabağ" finalda! (525-Cİ QƏZET, 04.05.2006)

single-news
4 May 2006

"Qarabağ" finalda! (525-Cİ QƏZET, 04.05.2006)



Dünən futbol üzrə Azərbaycan kubokunda iki oyun baş tutub. "Qarabağ"la "Neftçi" ilk finalçının kimliyinə aydınlıq gətirdiyi halda, "Xəzər-Lənkəran"la "Karvan" yarımfinal mərhələsinin ilk matçını keçirib. "Neftçi" ilə qarşılaşma "Qarabağ" üçün mühüm əhəmiyyət kəsb edirdi. Bu görüşdə arzuolunan nəticəni qazana bilməyəcəyi təqdirdə, Ağdam klubunun bir illik zəhməti hədər gedəcəkdi. Məsələ burasında idi ki, çempionatda medal qazanmaq şansı olmayan "Qarabağ" Avrokuboklarda iştirak üçün bütün diqqətini ölkə kubokuna yönəltmişdi. Çempionluq şansını saxlayan flaqman isə mövsümü "qızıl dubl"la başa vurmaq fikrində idi. "Neftçi" ilə "Qarabağ" arasında keçirilən ilk matç qolsuz bərabərliklə başa çatmışdı. Dünənki qarşılaşmada istənilən qollu heç-heçə də "Neftçi"ni finala yüksəldəcəkdi. "Qarabağ"a isə yalnız qələbə lazım idi. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilən cavab oyununa gəlincə, FİFA referisi Fariz Yusifovun idarə etdiyi qarşılaşma gərginliyi ilə yadda qalıb. "Qarabağ" rəqibini minimal hesabla məğlub edərək finala çıxıb. Yeganə qolu 30-cu dəqiqədə Samir Musayev vurub. Matçın başa çatmasına 1 dəqiqə qalmış hakim "Qarabağ"lı Aslan Kərimov və "Neftçi"nin üzvü Vadim Boretsə qırmızı vərəqə göstərib. Oyunun ardından məğlub komandanın baş məşqçisi Ağasəlim Mircavadov mətbuat konfransında iştirak etməyib. Lakin "Qarabağ"ın baş məşqçisi Böyükağa Ağayev fikirlərini bölüşüb: "Komandam layiqli qələbə qazandı. Qurduğum taktika özünü doğrultdu. Buna görə uşaqları təbrik edirəm". Lənkəranda keçirilən "Xəzər-Lənkəran" - "Karvan" matçı da böyük önəm daşıyırdı. Bu qarşılaşmada meydan sahibləri qalib gəlməklə, dörd gün sonra keçiriləcək cavab oyunu ərəfəsində üstünlük qazanmaq niyyətindəydi. "Qarabağ" kimi "Xəzər-Lənkəran" da Avropaya yollanmaq üçün bütün ümidini ölkə kubokuna bağlayıb. Matçın ilk 7 dəqiqəsində komandalar daha çox ehtiyatla oynayıblar. Ardından "Karvan" üstünlüyü ələ alıb. Qonaqlar hücum təşkil etsələr də, hesabı aça bilməyiblər. Milli çempionatın bombardiri Yakuba Bambanın zərbəsi dəqiq olmayıb. "Xəzər-Lənkəran" bunu cavabsız qoymayıb. Mahmud Qurbanov topu rəqibin cərimə meydançasında olan komanda yoldaşı İlqar Qurbanova ötürsə də, qapıçı Dmitri Kramarenko cəld tərpənərək, ikincinin fərqlənməsinə imkan verməyib. Oyunun gedişi zamanı "Karvan"ın üzvü Yakuba Bamba ciddi zədələndiyi üçün Kənan Kərimovla əvəz olunub. Yevlax klubunun oyunçusu Mahir Şükürovun vurduğu top qapıdan aralı keçib. Buna cavab olaraq "Xəzər-Lənkəran"lılardan Alim Qurbanov və Vüqar Nadirovun zərbələri qeyri-dəqiq alınıb. İkinci hissə meydan sahiblərinin hücumları ilə başlayıb. Vüqar Nadirovun zərbəsi qapıdan aralı keçib. Qonaqlar da fəal oynayıblar. İsmayıl Məmmədovun cərimə meydançası qarşısına qaldırdığı topa Pereyra başla dəqiq zərbə vura bilməyib. Zaur Ramazanovun meydana çıxmasından sonra Lənkəran təmsilçisinin hücum xətti bir qədər güclənib. Epizodlardan birində forvard cərimə meydançasına daxil olsa da, müdafiəçilər onun istəyinə çatmasına imkan verməyiblər. Ancaq 87-ci dəqiqədə "Xəzər-Lənkəran" məqsədinə nail olub. Cərimə meydançasında rəqib müdafiəçilərin səhvindən Katalin Lita faydalana bilib - 1:0. Bu üstünlüyü meydan sahibləri sonadək qoruyub. Matçdan sonra "Xəzər-Lənkəran"ın baş məşqçisi Viktor Pasulko açıqlama verməkdən imtina etsə də, onun "Karvan"lı həmkarı Yunis Hüseynov deyib: "Gərgin oyun oldu. Rəqibimiz kobud oynadığı üçün bəzi futbolçularım ciddi zədə aldı. İlk matçda uduzmağımıza baxmayaraq, cavab görüşündə sərfedici hesabla qələbə qazanıb finala çıxacağımıza inanırıq. Məqsəd həm çempion olmaq, həm də ölkə kubokunu başımız üzərinə qaldırmaqdır".

Paylaş