`Qarabağ` FK haqqında yazı - II yer

single-news
12 Yan 2009

`Qarabağ` FK haqqında yazı - II yer



Coşqun Eldaroğlu

«Qarabağ»ın Qarabağlı günləri

…Həmin gün başqalarından fərqlənmirdi. Yenə bomba yağışı Ağdamı ağuşuna almışdı, tüstü-dumandan cana gələn mavi səma qaş-qabağını yığmışdı. Elə bil göylər də narazıydı ki, düşmən «Qarabağ»a «İmarət»də son oyununu keçirməyə mane olmaq istəyir.
Yox, onda bundan heç kimin xəbəri yox idi. Stadiona gələnlər, futbolçular çox yox, bir neçə ay sonra biləcəkdi ki, həmin gün «Qarabağ»ın Ağdam stadionuyla vida görüşüdü. Tezliklə görüşmək üçün ayrılacaqdılar, amma hələ uzun müddət bir yerdə olmayacaqdılar. Bu ayrılıq azı 16 il çəkəcəkdi…

Rəqiblər üçün Ağdam cəhənnəmi

«Qarabağ»ı 1987-ci ildə yaratmışdılar, komanda növbəti ildən SSRİ çempionatlarında çıxış etməyə başlamışdı. Əvvəlcə respublika daxilində uğur qazanmışdı, sonra ikinci dəstədə sözünü deməyə başlamışdı. «Qarabağ»ın turnir cədvəlinin ortalarında var-gəl etdiyi vaxtlar olmuşdu, amma əyalət klubu «ev komandası» statusunu həmişə qoruya bilmişdi. Təsəvvür edin ki, başıbəlalı klub öz meydanında keçirdiyi ilk 19 oyunun hamısında qalib gəlmişdi, yalnız «Kəpəz»lə oyunda xalları yarı bölmüşdü (1:1). Ağdam rəqiblər üçün əsl cəhənnəmə dönmüşdü. Oradan qələbə ilə qayıtmaq mümkün deyildi.
İlk xoşbəxtlik məhz Gəncə komandasına qismət oldu: «Dinamo» 1991-ci ildə Ağdamda «Qarabağ»ı məğlub etdi (1:0). Amma necə?! «Dinamo»nun qələbəyə böyük ehtiyacı var idi, Gəncə təmsilçisi birinci dəstəyə vəsiqə qazana bilərdi. Klub rəhbərləri belə razılığa gəlmişdi ki, «Qarabağ» bilərəkdən məğlub olsun, onsuz da bu komandanın liqa dəyişmək şansı qalmayıb. Deyilənə görə, yerli futbolçular uduzmağa razı deyilmiş. «Qarabağ»ın o vaxtkı sponsoru • «Şampanzavod»un, yəni Ağdam Üzüm Emalı İstehsalat Birliyinin direktoru Səyavuş Fərzəliyev onları yola gətirmək üçün söz verir ki, uduzsalar, həmişə qələbə üçün onlara verilən 250 manatı yenə ala biləcəklər. Həmin oyun göstərdi ki, «İmarət»də «Qarabağ»ın qapısına qol vurmaq asan məsələ deyil. Gəncə komandasının işi düzəldi, planlaşdırılan qol baş tutdu, amma «üzlü qonaq» istənilən halda Qərb zonasındakı mübarizəni birinci pillədə bitirə bilmədi…

Natəvanın «İmarət»i

Xurşudbanu Natəvanın şəxsi mülkiyyəti sayılan ərazidə tikilmiş stadionun inşasından 58 il ötür. O vaxt məhz buna görə ad üçün çox fikirləşməmişdilər, «İmarət»ə üstünlük vermişdilər. Söyləyirlər ki, yaxşı ot ürtüyü varmış. Uzun müddət komandanın rəisi vəzifəsində çalışan Adil Nadirov Suxumi «Dinamo»suyla 1989-cu ildəki oyunu xatırlayır: «Möhkəm yağış yağırdı. Onların rəisini fikir götürdü ki, necə futbol oynayacağıq. Oturduq çörək yeməyə, dedim, narahat olma, problem yaranmayacaq. Meydançaya ayaq basanda gözü kəlləsinə çıxmışdı, elə bil yağış yağmamışdı. Gördüm təəccüblənir, zarafat elədim ki, o vaxt Natəvan burda drenaj sistemi quraşdırıb, ona görə belədi…»
Stadion 80-ci illərin sonlarında yaxşı təmir olunubmuş. Bazanın vəziyyəti yaxşılaşdırılıb, tribuna qaydasına salınıbmış. Stadionun çox səfalı mənzərəsi varmış. Ağacların kölgəsi birbaşa meydançaya düşürmüş. Natəvanın, hətta şairənin atası Pənah bəyin, babası Mehdiqulu xanın qəbri də stadionun həyətində yerləşirmiş, son vaxtlar oralarda da təmir işləri aparılıbmış. Ağdam işğal olunana qədər Xurşudbanunun büstünü də həyətdə görmək mümkün imiş.
Uzun illər «Qarabağ»ın uğurları üçün çalışan Elşad Xudadatov «İmarət»i heç vaxt unutmayacağını deyir: «Stadion evimizin yanındaydı. Uşaqlıqda həmişə arzulayırdım ki, orda oynayım. Balaca olanda gələrdik stadiona, hamının Bolşevik Məhərrəm adlandırdığı gözətçi bizi içəri buraxmazdı. Boylana-boylana qalardıq. Allah qismət elədi, mən də o stadionda oynadım. İnternetdə neçə dəfə «İmarət»i axtarmışam, tapa bilməmişəm. Vallah, yuxuda da başqa şeylər görmürəm • ya evimizi, ya da «İmarət»i…»

Döyüşən «Qarabağ»

«Qarabağ» «ev» oyunlarının çoxunu müharibə şəraitində keçirməli olub. Hələ SSRİ çempionatları dövründə buna görə xeyli oyunu baş tutmamışdı. Təkcə 1991-ci ildə 12 komanda Ağdama gəlməkdən boyun qaçırmışdı. Əlbəttə, rəqiblərə texniki məğlubiyyət verilirdi, amma həm də ağdamlı azarkeş futbolsuz qalırdı.
Milli çempionat oyunlarında «Qarabağ»ın futbolçuları ölüm təhlükəsiylə üz-üzə qalaraq, meydana çıxırdı. Az qala hər qarşılaşma zamanı stadionun yaxınlığına «Qrad» düşürmüş. Dəfələrlə oyunlar yarımçıq qalmaq təhlükəsiylə üzləşirmiş, buna baxmayaraq, «Qarabağ» rəqibləri birtəhər yola gətirirmiş ki, görüş başa çatsın. Komandanın keçmiş futbolçusu Yaşar Hüseynovun yaddaşında ilişib qalan epizod: «Səhv eləmirəmsə, «İnşaatçı» (Bakı) ilə oynayırdıq. Birinci hissə qurtarmışdı, 1:0 udurduq. Ağasəlim müəllim uşaqlara «ustanovka» verirdi. Birdən onun lap yaxınlığında bomba partladı. «İnşaatçı»nın futbolçuları qorxuya düşdü, dedilər ki, daha oynamırıq, qoy oyun 1:0 da qurtarsın. Ürək-dirək verdik, başa saldıq ki, hər oyunumuz belə keçir. Oynadılar, amma oyun qurtaran kimi heç duşa da girmədən birbaşa avtobusa minib Ağdamdan çıxdılar».
Futbolçular döyüşməyə hazır idi. Hətta bir dəfə son vaxtlar batalyonuyla stadionun bazasında məskunlaşan Milli Qəhrəman Asif Məhərrəmova (Fred Asif) müraciət eləmişdilər ki, döyüşçülərə qoşulsunlar. Fred Asif razı olmamışdı: «Bilsəm ki, 18 futbolçuyla müharibəni udacağıq, hamınızı apararıq. İndi siz bizə səngərdən çox, meydançada lazımsız».
Milli Qəhrəman Allahverdi Bağırov döyüşdə həlak olanda hamını qəhər boğmuşdu. Deyilənə görə, oyunların birinin start fitindən əvvəl onun ruhunu bir dəqiqəlik sükutla yad edərkən stadiona bomba düşüb, amma futbolçulardan heç biri yerindən tərpənməyib…

Bu son vida, bu son görüş

«Qarabağ» «İmarət»də milli çempionat oyunları çərçivəsində 23 görüş keçirib. Yalnız birincisində qonaq komandaya qələbə qismət olub: 1992-ci il mayın 3-də Sabirabad «İnşaatçı»sı istəyinə çatıb • 2:1. Ağdam komandasının yeganə qolunu 4-cü dəqiqədə Mehman Alışanov vurub. Bu həm də mili çempionatlar tarixinə ilk qol kimi düşəcəkdi.
Əlbəttə, bu yazıda Mehmanın fikirlərinə yer verməyi də unutmamışdıq. Nə etmək olar ki, imkanımız xaricindəydi. Mehman bir neçə ay əvvəl narkotik alveri ittihamıyla həbs olunub…

«Qarabağ» Ağdamda son oyununu 1993-cü il mayın 12-də keçirib. Komanda onda Mingəçevirdə məskunlaşıbmış, bununla belə, rəqiblərini «İmarət»də qəbul edirmiş. Sonuncu dəfə Ağdam stadionunun qonağı «Turan» olub. Oyunu 8 min azarkeş izləyib, ölkə kubokunun yarımfinal görüşündə meydan sahibləri 1:0 hesabıyla qalib gəlib. Yeganə qolu Yaşar Hüseynov vurub. Onun qardaşı, vaxtilə «Qarabağ»ın sərrast futbolçularından olan Müşfiq Hüseynov qol epizodunu yaxşı yadında saxlayıb: «Yaşara ötürməni mən verdim. Yadımdadı, sol cinah müdafiəçisi kimi oynayan Elxan Abdullayevi keçdim, ötürməni yubatmadım. Təsəvvür eləməzsiz ki, stadiona gələnlər necə sevinirdi…»

«Qarabağ»ın keçmiş futbolçuylarıyla söhbətləşirik, hamısının da ürəyi doludu. Xatirələr, xatirələr, xatirələr… Səttar Əliyev danışdıqca kövrəlir, deyir, son dəfə «İmarət»də meydana çıxanda fikirləşirdim ki, Ağdamı almazlar: «Ağdam işğal olunandan doqquz gün sonra Respublika stadionunda «Xəzər»lə kubokun finalını oynayırdıq. Oyun başlayanda diktor şəhərin alınması haqda elan verdi. Məni necə ağlamaq tutdusa, on dəqiqə göz yaşımı saxlaya bilmədim. Hücumçuların üstünə ağlaya-ağlaya qaçırdım».

Səttar danışır ki, ölüm ondan təsadüfən yan keçib. Bir dəfə Xanabada yaralılara kömək etmək üçün təcili tibbi yardım maşını gedirmiş. Qapını birinci açsa da, basırıq düşüb, içəridə ona yer tapılmayıb: «Maşın əlli metr getmişdi ki, ermənilər vurdu onu. Təsəvvür eləyin ki, təkcə sürücü sağ çıxdı, sonradan onun da ayaqlarını kəsdilər».
Elşad Xudadatov müharibə illərindəki «Qarabağ»ın futbolçularını bir-bir yadına salır. Məlum olur ki, çoxunun indi də futbolla bağlılığı var. Bir neçəsi sevimli idman növündən kənar düşüb. Məmməd Məmmədov Quzanlıda yaşayır, Elgiz Məmmədov çoxdan Belçikaya köçüb. Arif Zərbailov da xaricdədi, ABŞ-da taksi sürür. Əslində, Arif ağdamlı deyil, Yevlaxda doğulub. Sadəcə, ağdamlı uşaqlara o qədər qaynayıb-qarışıb ki, onu həmyerli kimi xatırlayırlar. Sən demə, Arifin əsl adı Aron imiş, məlum hadisələrdən sonra dəyişmək qərarına gəlib.

Müşfiqin yaddaşında azarkeşlərlə bağlı xoş xatirələr qalıb. «Onların hesabına udurduq», - deyir. Müşfiq ağdamlı azarkeşlərin rəqibin keçəl futbolçularını necə lağa qoymasını təbəssümlə xatırlayır. Ağdamdan danışır «Qarabağ»ın keçmiş hücumçusu: «Yaşara ev tikmişdik, bir gün də qala bilmədi orda…»

Danışırlar, danışırlar, axırda xatirələri arzular əvəz eləyir. Ən tutarlısını Səttar deyir: «Bircə arzum var ki, oğlum «İmarət»də meydana çıxsın».
Kim bilir, bəlkə də, bir gün arzular reallığa çevriləcək, Elşadın yuxusu çin çıxacaq, hamımız yığışıb Ağdama gedəcəyik. Səttarın oğlunun oyununa baxmaq üçün

Paylaş

// pop up