`Qarabağ` FK haqqında yazı - III yer

single-news
11 Yan 2009

`Qarabağ` FK haqqında yazı - III yer



SALEH ARSLAN

Qara bağlı «Qarabağ»

03 iyun 2006-cı il. Bu, mənim bəlkə də ömrümün sonuna qədər unuda bilməyəcəyim tarixdi. O gün «Qarabağ» ölkə kubokunu qazanmışdı. O gün Avropanın qapıları üzümüzə bir başqa cür açılacaqdı. O gün həyatımda ilk dəfə məsləyimi tamamilə unudub, çılğın azarkeşə çevrilmişdim. O gün sanki Qarabağın havası çökmüşdü havası yağ qoxuyan «Şəfa»ya. O gün bəlkə də həyatımda ilk dəfə nəticəsi natəmizlik qoxuyan bir oyunun elə o cür bitməsinə sevinmişdim. `Mənə nə deyilənlərdən, Karvanın qəsdən uduzduğu şübhəsindən, əsas olan 10 illik fasilədən sonra Avropaya Qarabağla çıxmaq idi` deyirdim o gün... Amma içimi tez yandırdı «Qarabağ». 10 il əvvəl İntertoto kubokunda mərhələ adlamaqla tarix yazan komandanın üzünə Avropanın qapıları erkən çırpılmışdı. O gün «Şəfa»nın da havası dəyişməmişdi - yenə yağ qoxuyur, ürək bulandırırdı. O gün Tacir Şahmalıoğlu da ordaydı. Amma deyəsən, səbri çatmamışdı sonadək baxmağa. Dözməmişdi Qarabağ adının elektron tabloda məğlub tərəf kimi göstərilməsinə - final fitindən sonra çox axtardım onu tribunada, yox idi... O gün «Qarabağ» çox qarabağlının və «Qarabağ»lının ürəyini dağlamışdı... Qara bağlamışdı «Qarabağ», qara bağlatmışdı «Qarabağ»...

... O gundən bu günə köksümüzə daş basıb gözləyirik ki, bəlkə növbəti cəhd uğurlu olacaq, bəlkə Avropanın hansısa şəhərində yenidən «Qarabağ» (Azərbaycan) yazılacaq. Amma olmur ki olmur. Bəs görəsən, səbəb nədi ki, mənə görə ölkənin ən çox azarkeşi olan bir komanda bunca müddətdir ortaya sanballı nəticə qoya bilmir? Kimdi günahkar? Bəlkə Aqil Abbas haqlıdı? Bəlkə heyətdəki futbolçular başdan-ayağa ağdamlılar, qarabağlılar olmalıdı? Bəlkə son iki ildə uğur olmadığı halda, əlini komandanın kürəyindən çəkməyən, rəhbərlikdi günahkar? Futbol ictimaiyyətini az-çox tanıyan insan kimi tam səmimiyyətimlə deyirəm: «Qarabağ», rəhbərliyi futbolçusunun, baş məşqçisinin və ümumilikdə komandanın arxasında olan 1-2 klubdan biridi. Xatırlayın Rasim Kara olayını. Bəzi ağzıgöyçəklərdən fərqli olaraq, Tahir Gözəl o günlərdə təmkinini pozmamış və ondan bu məsələyə münasibət bildirməsi istəniləndə, əlavə şərh vermədən `Rasim hocaya başarılar diləyirəm. Bizim yeni məşqçimiz var artıq və ona inanırıq` demişdi. Əslində, başqana yaraşan da elə bu idi. Tahir Gözəl ilk turlardakı büdrəmələrdə də Qurban Qurbanova inamını itirmədiyini və qızıl medala iddialı olduqlarını israrla deyirdi. Çünki başqan gah gənc futbolçuların yetişdirilməsi, gah da heyətin yetərsiz olması ilə bağlı əvvəlki illərdə deyilən bəhanələrdən bezib. İndi ona sponsor kimi nəticə daha vacibdi. Çünki oturub-durduğu təbəqədə qürrələnə biləcəyi nəticəsi olmalıdı pul buraxdığı klubun. Hələ mövsüm başlamamış çempionluq istədiyini dilə gətirməsi də əbəs yerə deyildi…

Bəs o zaman hər mövsümün sonunda mükafat xəyallarını dəfn edən kim və ya kimlərdi? Azarkeş? Məncə, bu mənada şikayət etməyə haqqın çatmır, «Qarabağ». Son 3 ildə çempion olmasına baxmayaraq, 2 Bakı klubunun oyununu heç 100 azarkeş də izləmir. Sən isə, «Qarabağ», çempionluğun dadını çoxdan unudan klub olsan da, Suraxanıya heç olmasa 500 nəfər yığa bilirsən...

Elə isə nədi sancın, niyə haqqın olmadığı halda yeyib-yatmaqla məşğulsan? Bir qalx, silkələ özünü, itməkdə olan imicinə bax. Sonra yan-yörənə nəzər sal, gör yaşı yaşının 1/3-i qədər də olmayan rəqiblərin nələr qazanır, haralara gedir… Sən isə hələ də 10 il bundan əvvəl etdiyinlə qürrələnə bilərsən. Bu, bilirsənmi nəyə bənzər? Atası yeni oyuncaq almış məhəllə uşağına ağzı sulana-sulana baxan körpənin halına...
Böyü, «Qarabağ», böyü. Böyü ki, nəyəsə iddialı olduğunu aləmə car çəkəndə ağız büzən, ikrahla gülən, iddiana nagümanlar olmasın. Böyü «Qarabağ», böyü, yoxsa getdikcə kiçilirsən...

P.S. Tahir bəy, yadınızdadımı, 2007-ci ilin sonlarında Ağdamdakı çıxışınızda demişdiniz ki, nəyisə dəyişmək istəyiriksə, birinci özümüzdən başlamalıyıq. Başlamısızmı, başqan? Məncə, hələ «hə» deməyə ürəyiniz gəlməz. Elə isə, başlayın. Başlayın ki, qollara bağlanmış qaralar tezliklə açılsın. Başlayın ki, oturub-durduğunuz təbəqədə başınız dik olsun!

Paylaş

// pop up