“Qarabağ" gələn həftə yeni baş məşqçisinə qovuşacaq (HET-TRIK, 23.12.2005)

single-news
23 Dek 2005

“Qarabağ" gələn həftə yeni baş məşqçisinə qovuşacaq (HET-TRIK, 23.12.2005)



"Qarabağ"ın problemləri başdan aşır. Birinci dövrədə qeyri-sabit oyunu ilə yadda qalan Ağdam komandası fasilədə çətin ki rahat nəfəs ala bilsin. Elxan Abdullayevin baş məşqçi postundan uzaqlaşdırılması klubun yenilənmək üzrə olmasından xəbər verir. Rəhbərliyin indiki məqamda belə bir addım atması birmənalı qarşılanmır. Bu azmış kimi, ağdamlılar 9 futbolçuyla da yollarını ayırmağa qərar verib. Yaddan çıxarmayaq ki, həmin futbolçuları "Qarabağ"a məhz Abdullayev gətirmişdi. Baş məşqçinin gedişiylə bu futbolçuların transferə çıxarılmasının üst-üstə düşməsi maraq doğurmaya bilməz. Amma klubun icraçı direktoru Əmrah Çəlikəl belə düşünmür. - Çıxartdığımız futbolçular etimadı doğrultmayanlardı. Yerli oyunçulara birinci dövrədə şans verdik və gördük ki, "Qarabağ"ın səviyyəsinə uyğun gəlmirlər. Onların hamısı azad agent statusu alıb. Məsləhət olsaydı, saxlayardıq. - Bəs legionerlərin heyətdən çıxarılmasına səbəb nədir? - Bekovaç formasını çoxdan itirib. Kravçenko və Sokolovskini isə komandada saxlamaq istəyirdik. Hər ikisindən də razı idik. Lakin müqavilə məsələsində ortaq məxrəcə gələ bilmədik. Şərtlərimiz üst-üstə düşmədi. Belə olacağını biz də gözləmirdik. Qalsaydılar, yaxşı olardı. - Komandadan daha kimlər gedəcək? - Bilmirəm. Hər şey qarşıdakı həftələrdə bəlli olacaq. - Yeni baş məşqçinin kimliyi məlumdurmu? - Hələ yox. - Nə vaxt müəyyənləşəcək? - Bir həftə sonra. Gələn həftə klub rəhbərliyi bir araya gələcək və orada bütün bu məsələlərə aydınlıq gələcək. - Elxan Abdullayevin istefaya göndərilməsi əvvəlcədən planlaşdırılırdı, yoxsa sonradan baş verdi? - Dünənədək belə bir şey yox idi. Bu, heç ağlıma da gəlməzdi. - Razılaşa bilmədiyiniz məqamlar nədən ibarət oldu? - Şərtlərimizi razılaşdırmaq mümkün olmadı. Elxan bəy öz şərtlərini, biz isə öz təkliflərimizi irəli sürdük. Anlaşmadıq. - Konkret deyə bilərsizmi, razılaşmadığınız şərtlər nə idi? - Mətbuata çıxmasa da olar. - Elxan bəy qəzetimizə verdiyi müsahibədə bildirib ki, rəhbərlik onu heç də hər zaman müdafiə etməyib. Birinci dövrənin gedişində bir neçə dəfə başqa məşqçilərin adı onun yerinə hallansa da, sizlər buna etinasız yanaşmısız? - Biz hər deyilən fikirə, danışılan sözə münasibət bildirə bilməzdik. Çox adam çox söz deyə bilər. Məcbur deyilik ki, hər şeyə rəsmi münasibətimizi açıqlayaq. - Hazırda yenə bir neçə mütəxəssisin adı "Qarabağ"la yanaşı çəkilir. Danışıqlara başlamısızmı? - Bəli. Artıq bir neçə məşqçi ilə görüşmüşük. Bu, gələn həftə də davam edəcək. - Deyilənə görə, rəhbərlik Kazbek Tuayevlə Vaqif Sadıqov arasında seçim aparmaq fikrindədir? - Mən də mətbuatdan oxuyuram ki, Vaqif Sadıqov, Əhməd Ələsgərov, Kazbek Tuayev və bu kimi bir neçə tanınmış məşqçiylə danışıq aparırıq. Hələlik bunların heç birini təsdiqləyə bilmərəm. Adlarını çəkdiyim məşqçilərin hamısı təcrübəli və səviyyəlidir. İndi nəsə danışsam, düz olmaz. Bir həftə də səbr edin, özünüz hər şeyi eşidəcəksiz. - Gundəmdə əcnəbi mütəxəssislər necə, varmı? - Türkiyədən iki-üç məşqçiylə maraqlanırıq. Hamısı öz ölkəsində tanınmışlardı. Adlarını yaxın günlərdə eşidəcəksiz. - İkinci dövrə "Qarabağ"ın məqsədi necə olacaq? - Mövsümə hansı iddia ilə başlamışdıqsa, onun da üzərində qalırıq. Geri çəkilməmişik və belə bir şey də düşünmürük. Prezidentimiz də əvvəl gündən hamımıza deyib ki, "Qarabağ" həmişə təmiz futbol uğrunda mübarizə aparmalıdır. İkinci dövrədə də çalışacağıq ki, bu prinsipimizə sadiq qalaq. Məncə, heç bir narahatçılığa əsas yoxdur. Tezliklə hər şey düzələcək. Buna əmin ola bilərsiz.

Paylaş

// pop up