"Qarabağ" güclənir (EXPRESS, 04.02.2006)
5 Fev 2006
"Qarabağ" güclənir (EXPRESS, 04.02.2006)
Deyəsən, "Qarabağ" da yavaş-yavaş iddialı kluba çevrilir. Hər halda klublarından küsüb özünə yeni komanda axtaranlar Ağdam klubuna pənah aparır. Artıq onlardan dördü - "Gəncə"ylə vidalaşan İrakli və Qoqa Berayalar, həmçinin Sergey Sokolovla Azər Məmmədov artıq "Qarabağ"la müqavilə bağlayıb. Tezliklə Elmir Xankişiyevin də eyni addımı atacağı gözlənilir. "Turan"la vidalaşan Asen Nikolovsa ağdamlılara qoşulmaq üçün dünən ölkəmizə gəlməliydi. "Gəncə"dən ayrılan digər futbolçular özünə yeni klub aradığı halda artıq onlardan biri yeni komandasında debüt də edib. Daniel Axtyamov srağagün "Obolon"a uduzan "Olimpik"in heyətində olub.
"Gəncə"nin transferə çıxardığı, amma hələ də özünə klub tapmayan İlham Yadullayevsə gözləyir: "Gəncə"dən ayrılandan sonra iki-üç klubdan mənə zəng edib maraqlanıblar. Amma konkret nəsə müzakirə olunmayıb. Hələ ki, gələn təklifləri götür-qoy edirəm. İşlərim alınsa ikinci dövrədə klubsuz qalmaram".