"Qarabağ" hakimlər üçün 45 milyon manat xərclədi (FUTBOL+, 08.10.2005)
8 Okt 2005
"Qarabağ" hakimlər üçün 45 milyon manat xərclədi (FUTBOL+, 08.10.2005)
Hakimliyin səviyyəsi ilə bağlı daim narazılıq, giley-güzarlarla üzləşən AFFA yeni mövsümdən çıxış yolu kimi bir çox metodlara əl atıb. Aşkar kobud səhvlərə yol verən, adı oyun alverində hallandırılan fit sahiblərinin cəzalandırılması artıq çoxlarına məlumdu. Ən azından ona görə ki, bu cəzalar kifayət qədər səs-küylə müşayət olundu.
Bununla kifayətlənməyən federasiya rəsmiləri yeni çıxış yollarını da götür-qoy edirdi. Nə qədər qəribə olmasına və birmənalı qarşılanmamasına rəğmən, ötən ay AFFA-nın mənzil-qərargahında klub prezidentlərinin görüşü zamanı hakimlər üçün fond yaradılması ideyası ortaya atıldı. Belə ki, federasiya rəsmiləriylə klub rəhbərləri ötən birincilikdəki çatışmazlıqları müzakirə edərkən yeni mövsümdə bunların təkrar olunmaması üçün konkret fikirlər söylənmişdi. Ən narahatlıq doğuran məqam kimi hakimlərə verilən qonorarların azlığı xüsusi vurğulanmışdı. Məhz bu səbəbdən klub prezidentləri hakimlərin maddi durumunun yaxşılaşdırılması, bu yolla da onların matçlara daha məsuliyyətli yanaşması üçün yardım təklifini irəli sürmüşdülər. Nəticədə federasiya rəhbərliyi bu ideyanı bəyənərək dəstəklədiyindən hakimlərin qonorarların artırılmasına xidmət edəcək fond yaratmağı qərara aldı. Məcburiyyət prinsipi olmadığından bu fonda hər hansı klub istədiyi məbləğdə pul köçürə bilərdi. Amma fit sahiblərinin matçlarda tərəfsiz ədalət təmsilçisi olmaları üçün stimul yaratmaq cəhdi sözdə dəstəklənsə də, əməli iş gözə çarpmırdı.
Anctaq üstündən bir ay keçdikdən sonra nəhayət, susqunluğu pozan oldu. Belə ki, dünən "Qarabağ"ın veb-saytında klubun hakimlər üçün fonda pul köçürməsi xəbərinin yayıldığının şahidi olduq: "Qarabağ" futbol klubunun rəhbərliyi hakimlərin matçlarda daha diqqətli, tərəfsiz oyun idarə etmələrini istəyir və bu yöndə AFFA-nın apardığı bütün işləri dəstəkləyir. Bunu söz olaraq deyil, həm də əməldə göstərən klubumuz yaradılmış hakimlərin qonororlarının artırılması fonduna 45 milyon manat pul köçürüb. Bununla "Qarabağ" digər klubları da buna səsləyərək hakimlərin bundan sonrakı turlarda öz işlərinə daha da məsuliyyətlə yanaşacağına, oyunları tərəfsiz idarə edəcəyinə əminliyini bildirir. Bunun nəticəsi olaraq sonda Azərbaycan futbolunun qazanacağına inanaq".
Məsəylə bağlı AFFA Hakimlər Komitəsinin sədr əvəzi Əli Hüseynovla əlaqə saxlayıb bəzi suallara aydınlıq gətirməsini istəsək də, onun telefonu gün ərzində susdu. Aydındı ki, könüllük əsasında həyata keçirilən bu yardım bütün klublar tərəfindən edilməyəcək. Bizdə olan məlumata görə, "Qarabağ" bu addımı atans ilk və son komandadı. Bəs görəsən kim zəmanət verəcək ki, sabah Ağdam klubunun hansısa oyununda hakimliklə bağlı qalmaqal yaranmayacaq? Yəqin ki, söhbətin nədən getdiyini başa düşdüz. Mənə elə gəlir ki, bu addım qaş düzəldən yerdə vurub gözü də çıxartmağa bənzəyir.