"QARABAĞ" HAZIRLIĞA BAŞLADI
16 İyn 2006
"QARABAĞ" HAZIRLIĞA BAŞLADI
13-14 günlük istirahətdən sonra "Qarabağ" Futbol Klubu UEFA Kubokunun ilkin Təsnifat mərhələsinin hazırlığına start verdi. İki mərhələdən ibarət olacaq hazırlığın ilk mərhələsi Azərbaycanın dilbər guşələrindən olan Qax rayonunda keçiriləcək. Əsasən fiziki hazırlığa diqqət yetiriləcək ilkin hazırlıq 9-10 gün davam edəcək. Bir günlük istirahətdən sonra isə komanda Türkiyəyə yola düşəcək. Məhz burada oyun praktikasına diqqət yetirilərək yoldaşlıq görüşləri keçiriləcək. Türkiyə səfərinin davametmə müddəti isə UEFA Təsnifat Mərhələsinin püşkatmasından asılı olacaq.
Ötən mövsümdə klubun şərəfini qoruyaraq Azərbaycan Kubokunu qazanan kollektivin bütün üzvləri təlim məşq prosesinə cəlb olunub. Legionerlərdən Qoqa və İrakli Beraya qardaşları, həmçinin Sergey Sokolov sabahdan etibarən komandanın düşərgəsinə qoşulacaq. Boyan İliç isə artıq komanda ilə birgə Qaxa yola düşüb.
Klubdakı son durum haqqında komandanın Baş Məşqçisi Böyükağa Ağayev:
"Ötən altı ayın ilk dönəmlərində uşaqların bir-birinə uyğunlaşmasını tez bir zamanda təmin etmək lazım idi.Buna nail olmağa çalışdıq. İstək, əzmkarlığa bir az da kollektiv oyun əlavə edərək kuboku qazana bildik. Çempionat başa çatdıqdan sonra əsas məqsədimiz yaratdığımız kollektivi saxlamaq idi ki, demək olar ki, onun da öhdəsindən gəldik. İndi heyətdə olan bəzi boşluqlar var ki, onu rəhbərliklə birgə doldurmağa çalışırıq. İnanıram ki, UEFA kubokuna iştirak naminə deyil, mərhələ keçmək gücünə malik bir komanda ilə gedəcəyik..."
Komandaya cəlb olunmuş və olunacaq yeni futbolçular haqqında ən yaxın zamanda açıqlama veriləcək. Saytımızı izləməkdə davam edin.