“Qarabağ”: iki qələbə, iki imza (FUTBOL+,06.02.2006)
6 Fev 2006
“Qarabağ”: iki qələbə, iki imza (FUTBOL+,06.02.2006)
“Qarabağ” xaricə yollana bilməməyin əvəzini Bakıdakı yoxlama matçlarıyla çıxır. Bir neçə gün öncə önəmli transferlərlə gücləndikdən sonra ağdamlılar yoxlama-sınaq matçlarına da ciddi önəm verir. Elə son üç gündə komandanın iki oyunda qüvvəsini sınaması da dediklərimizə sübutdu.
Srağagün bölgə təmsilçisinin rəqibi Gürcüstana səfərə hazırlaşan 21 yaşlılardan ibarət yığma komanda oldu. Millinin baş məşqçisi Nazim Əliyevin ixtiyarında olan futbolçuların arasında “Qarabağ”ın üç üzvü də vardı. Belə ki, yenicə transfer olunan Romal Hüseynovla yanaşı, Namiq Yusifov və Hüseyn İskəndərov da doğma klubuna qarşı ilk dəqiqələrdən mübarizə apardı.
Qarabağ: Vitali Kovalyov, Zoran Çilinşek, Vasif Haqverdiyev, Azər Məmmədov, Sergey Sokolov, Qoqa Beraya, Bojan İliç, Aslan Kərimov, Mübariz Orucov, Samir Musayev, İrakli Beraya.
U-21: Kamran Ağayev, Natiq Qasımov, Orxan Ağayarzadə, Hüseyn İskəndərov, Səbuhi Həsənov, Namiq Yusifov, Bəhruz Zeynalov, Romal Hüseynov, Pərvin Mədətov, İlqar Qurbanov, Vüqar Nadirov.
İlk dəqiqələrdən üstünlüyə yiyələnən Ağdam klubu tezliklə hesabı aça bilərdi. Lakin bütövlükdə birinci yarıda rəqibi üstələyən Böyükağa Ağayevin yetirmələrində həm bu, həm də digər epizodlarda dəqiqlik çatmadı. Xüsusilə zədədən yenicə qayıdan Samir və Beraya qardaşlarının qola yaxın olduğunu qeyd edək.
Fasilədən sonra komandaların heyətində müəyyən dəyişikliklər oldu. Amma Ağayevin əvəzetmələri daha uğurlu alındı. Müdafiədə Vasifi Ramiz Hüseynov, İraklini isə təcrübəli hücumçu Müşfiq Hüseynov əvəzlədi. Bunun nəticəsi kimi ağdamlılar ilk hissəyə nisbətən daha bol qol epizodları yaradırdı. Lakin bunlardan yalnız biri məntiqi sonluqla başa çatdı. Künc zərbəsindən sonra Sergey gözəl baş zərbəsiylə yeni komandasının heyətində qol hesabını açdı.
Dünən isə Ağdam klubu “Ədliyyə” ilə münasibətlərinə aydınlıq gətirdi. Birinci dəstənin iddialı klubuyla duelə “Qarabağ” bu heyətlə çıxdı: Vitali Kovalyov (Elçin Cəfərov), Zoran Çilinşek, Vasif Haqverdiyev, Azər Məmmədov, Mübariz Orucov (Ramiz Hüseynov), Sergey Sokolov, Aslan Kərimov (Mehran Əliyev), Bojan İliç (Elmir Xankişiyev), Qoqa Beraya (Fərid Quliyev), Samir Musayev (Müşfiq Hüseynov), İrakli Beraya (Fərid Haqverdiyev).
Ağdamlıların son matçı daha uğurlu alındı. Belə ki, “nazirlik komandası”yla qarşılaşmanın hər hissəsində iki qol vuran Ağayevin yetirmələri böyükhesablı qələbə qazandı. Əvvəlcə Zoran cərimə zərbəsindən vurduğu qolla hesabı açdı, ardından Vasifin ötürməsini qola çevirən Qoqa fərqi artırdı. Fasilədən sonra edilən əvəzetmələr də uğurlu oldu. Belə ki, üstünlüyü əldən verməyən ağdamlılar İliçin ötürməsini qola çevirən Sokolovun sayəsində daha bir dəfə fərqləndi. Matçda son nöqtəni “Bakı”dan baxışa dəvət olunan Fərid Quliyev qoydu. Beləliklə, “Qarabağ” gücləndirdiyi heyətlə dövrələrarası son təlim-məşq toplanışını qələbəylə başa çatdırdı. İndi qalır bu uğuru çempionatda da davam etdirmək.
Bu arada Ağdam təmsilçisi baxışa çağırdığı daha iki futbolçuyla münasibətlərini rəsmiləşdirib. Belə ki, həm İliç, həm də Çilinşek haqda müsbət qərar verən Ağayev onların komandada saxlanılmasını istəyib. Rəhbərlik isə srağagün Serbiya və Çernoqoriyadan olan hər iki legionerlə müqavilə imzalayıb. Bununla da “Qarabağ”ın dövrələrarası fasilədə rəsmiləşdirilmiş transferlərinin sayı 7-yə çatdı. Qərb klubundan baxışa çağırılan Ramiz və Elmirlə də bu gün müqavilə bağlana bilər. Hər halda, klubun mətbuat xidmətinin rəhbəri Asif Əsgərovun dediyinə görə, “Gəncə”ylə problem yoluna qoyulub və futbolçuların keçidi üçün heç bir əngəl yoxdu. Fərid Quliyevlə Asen Nikolovun transferi isə hələ də gecikir. “Bakı”lının komandada qalıb-qalmayacağı yalnız baş məşqçidən asılıdı. “Turan”ın legioneri isə hələ də Bakıya dönmədiyindən onun transferi yubanır. Hər halda, dünən gecə Azərbaycana gələcəyi gözlənilən Nikolov Tovuz klubunu razı salacağı təqdirdə karyerasını “Qarabağ”da davam etdirə bilər.
Dünənki yoxlama matçından sonra Ağayev futbolçulara birgünlük istirahət hüququ verib. Ancaq sabahdan Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda növbəti hazırlığa start veriləcək. Belə ki, ikinci dövrənin açılış turunda komanda məhz bu arenada “Turan”la münasibətlərinə aydınlıq gətirəcək.