“Qarabağ" iki serblə müqavilə bağladı (HET-TRİK, 06.02.2006)

single-news
6 Fev 2006

“Qarabağ" iki serblə müqavilə bağladı (HET-TRİK, 06.02.2006)



"Qarabağ" hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununu ötən şənbə U-21-ə qarşı keçirdi. Baş məşqçi Böyükağa Ağayev start heyətində aşağıdakı futbolçuları meydana çıxarmışdı: Viktor Kovalyov, Zoran Çilinşek, Vasif Haqverdiyev, Azər Məmmədov, Sergey Sokolov, Qoqa Beraya, Mübariz Orucov, Bojan İliç, Aslan Kərimov, Samir Musayev, İrakli Beraya. Ağayev fasilədən sonra iki dəyişikliyə əl atdı. Hücum xəttində istənilən oyunu nümayiş etdirə bilməyən Samir Musayev Fərid Quliyevlə, İrakli Beraya isə Müşfiq Hüseynovla əvəzləndi. Oyuna gəlincə, matç bütövlükdə elita təmsilçisinin üstünlüyü ilə keçdi. İlk yarıda ağdamlılar bir neçə dəfə hesabı açmağa yaxın olsalar da, tablodakı "sıfırlar" dəyişməz qaldı. "Qarabağ" istəyini ikinci hissədə gerçəkləşdirdi. Küncdən havaya qaldırılan topu Sergey Sokolov başla qapıya göndərərək, gözəl qola imza atdı. Bu qol oyunda yeganə oldu və matç "Qarabağ"ın minimal hesablı qələbəsiylə başa çatdı - 1:0. Bu matçda Ağdam təmsilçisinin 3 futbolçusu gənclər yığmasında çıxış edirdi. Bunlar Romal Hüseynov, Hüseyn İsgəndərov və Namiq Yusifov idi. Ümumiyyətlə, U-21 aşağıdakı heyətlə oynayırdı: Kamran Ağayev, Hüseyn İsgəndərov, Orxan Ağayarzadə, Natiq Qasımov, Səbuhi Həsənov, Namiq Yusifov, Romal Hüseynov, Pərvin Mədətov, Bəhruz Zeynalov, İlqar Qurbanov və Vüqar Nadirov. Baş məşqçi Nazim Əliyev ikinci hissədə 4 əvəzləməyə əl ataraq Davud Kərimi, Bəxtiyar Sultanov, Arif Daşdəmirov və Vasif Əliyevi də sınaqdan keçirdi. Bu futbolçular müvafiq olaraq Kamran Ağayev, Səbuhi Həsənov, Pərvin Mədətov və Bəhruz Zeynalovun əvəzinə meydana çıxdılar. U-21-in bir neçə aparıcı oyunçusu bu qarşılaşmada çıxış etmədi. Onlardan Elnur Abbasov, Rəşad Kərimov, Ruslan Əmircanov və Rail Məlikov zədəli olduğundan, həmyaşıdlarına kömək edə bilmədi. Bu futbolçular gənclər yığmasına dünən qoşuldular. "MKT-Araz"dan Murad Ağakişiyev, Saşa Yunisoğlu və Ceyhun Adışirinov, "İnter"dən isə Elnur Məmmədov komandalarıyla Türkiyədən gec qayıtdığından, millinin də düşərgəsinə vaxtında qatıla bilməyiblər. U-21 yoldaşlıq görüşü keçirmək üçün dünən axşam Gürcüstana yollanıb. Millimiz fevralın 7-si və 9-da gürcü həmyaşıdlarıyla iki yoxlama görüşü keçirəcək. U-21-i məğlub edən "Qarabağ" isə heyəti gücləndirməkdə davam edir. Ağdam təmsilçisinin 4 "Gəncə"liylə müqavilə bağlaması haqda xəbər vermişdik. "Qarabağ" bu dəfə isə daha 2 legionerlə müqavilə bağlayıb. Bunlar Serbiya və Çernoqoriyadan olan Bojan İliçlə Zoran Çilinşekdir. Bir müddətdir baxışda olan əcnəbilər baş məşqçinin etimadını doğrultmağı bacarıb. Hər iki futbolçuyla mövsümün sonunadək müqavilə bağlanıb. Əgər bu müddətdə onların oyunu rəhbərliyi qane edərsə, anlaşma daha bir il qüvvədə qalacaq. Bojan İliç sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edir. 27 yaşlı futbolçu əvvəllər vətənində "Voyvodina" və "Radniçki" klublarıyla yanaşı, Maltanın "St. Andervs", Yunanıstanın "Poe Vizas" və Macarıstan təmsilçisi "Bekeşçaba"da forma geyinib. Zoran Çilinşekə gəlincə, o, müdafiəçidir və 30 yaşı var. Çilinşek "Qarabağ"a gəlməmişdən öncə ölkəsinin "Novi Sad", "Beçey", Belçikanın "Şarlerua", eləcə də Sloveniyanın "Olimpiya" klublarında çıxış edib.

Paylaş