"QARABAĞ" - "İNTER" : MATÇ ÖNCƏSİ . . .

single-news
14 Apr 2006

"QARABAĞ" - "İNTER" : MATÇ ÖNCƏSİ . . .



Azərbaycan Çempionatının 21-ci turu çərçivəsində "Qarabağ" çempionluğa iddialı "İnter" klubunu qəbul edəcək. Oyun öncəsi klubumuzun düşərgəsində zədəli oyunçuların qayıdışı ilə əhval-ruhiyyə yüksəlib. Zoran Çilinşek, Hüseyn İsgəndərov artıq tam qüvvə ilə məşqlərə qatılıb. Üç oyundur cəza səbəbindən yaşıl meydanlardan aralı düşən Samir Musayev də komandasına qarşıdakı matçda kömək edə biləcək. Onun özü də qarşıdakı matçı səbirsizliklə gözlədiyini gizlətmədi: "Üç oyundur ki komandama kömək edə bilmirdim. Oyuna azarkeş kimi baxmaq mənə çox ağır idi. İndi artıq cəzalarım başa çatıb və qarşıdakı oyunda qayıdışımı qol və ya qollarla qeyd etmək istəyirəm..." Komandanın digər üzvləri də qarşıdakı çempionat oyununa səylə hazırlaşırlar. Onlar qazanılacaq üç xalın kollektiv arasında inamı bir qədər də artıracağına əmindirlər: Aslan Kərimov: "Biz heç bir klubdan zəif deyilik və bunu oyunumuzla sübut etmişik. Qarşıdakı oyunda da çempionluğa iddialı bir klubu məğlub etməyə gücümüz çatar. Necə də olsa, bu uşaqlarda inamı daha da artıracaq və kubok oyununda çempionluğa digər iddialı klubla oyuna stimul olacaq." Aslanla bir yerdə olan "Qarabağ"ın digər üzvü Müşviq Hüseynov bu fikirləri bir qədər də genişləndirdi: "Çempionluq uğrunda yarışan bir komandanı məğlub edirsənsə, digəri ilə oynamaq həddən artıq asanlaşır. Bu psixologiyadır və bunu uşaqlar da başa düşürlər. Qazanılacaq üç xal komandamız üçün həddən artıq vacibdir..."

Paylaş