"QARABAĞ"-"İNTER": OYUN ÖNCƏSİ ...
24 Noy 2006
"QARABAĞ"-"İNTER": OYUN ÖNCƏSİ ...
"Qarabağ" Futbol Klubu Çempionatın növbəti turu çərçivəsində "İnter" komandasına qarşı oyunun hazırlığını davam etdirir. Gündəlik bir dəfə Suraxanı qəsəbə stadionunda məşqlər edən komanda qarşıdakı oyuna səylə hazırlaşır. Heyətlə bağlı ötən oyun qırmızı vərəqə aldığı üçün Aslan Kərimov bu oyun komandasına kömək edə bilməyəcək. Əvəzində Samir Musayevin cəzası başa çatmış və bu oyunda komandanın əsas qol ümidi kimi meydana çıxacağı gözlənilir. Komandadakı son durum barədə Komandanın Baş Məşqçisi Böyükağa Ağayev:
"Karvan" oyunda baş verənlərdən sonra, futbolçularımda psixoloji gərginlik var idi. Bunu aradan qaldırmağa çalışsaq da, kubokda bu özünü qabarıq da olmasa biruzə verdi. Lakin indi tam fərqli atmosferin olduğunu düşünürəm. Futbolçularım arasında yüksək əhval-ruhiyyə hökm sürür və qarşıdakı oyuna da bunun siraət etməsinə çalışacağıq..."
Futbolçuların fikirlərini də diqqətinizə çatdırırıq:
Azər Məmmədov: "İnşallah, allahın köməkliyi ilə bu oyunda qalib gələcəyik. Başqa hər hansı bir nəticədən söhbət gedə bilməz!"
Romal Hüseynov: "Son oyunlarda bəxtsizlik özünü göstərir. Yaratdığımız 100%-li qol imkanlarından yararlanmayıb, gözlənilməz qollar buraxırıq. bütün bu tilsimi bu oyunda qırmalıyıq."
Elmir Xankişiyev: "Bu çempionatda heç-heçələrlə turnir vəziyyətimizi bir qədər pisləşdirmişik. Bu oyunda qələbə bizə hava-su kimi lazımdır və hamımız bunu başa düşürük..."
Samir Musayev: "Qol vurmalıyam. Başqa yolu yoxdur. Hücumçu qol vurmalıdır ki, komanda qələbə uğrunda mübarizə aparsın. İnanıram ki, mənim qolumun və müdafiə xəttinin etibarlı oyununun nəticəsində "Qarabağ" uğursuzluq zolağından yaxa qurtaracaq..."
Komandanın məşqçilər korpusu da öz fikirlərini bölüşdülər:
Yaşar Hüseynov: "Udmalıyıq. Uşaqlar bunu başa düşürlər. Hərdən kənar təsirlər futbolçuların psixoloji durumuna təsir edir. İnanıram ki, "Qarabağ" futbolçuları bu təsirlərin oyuna siraət etməməsi üçün rəqibə heç bir şans verməyəcək."
Səttar Əliyev: "Mənim hər oyun öncəsi intuisiyam həmin oyunun nəticəsini görməyə imkan verir. Qarşıdakı oyuna nikbin baxıram, üç xal qazanacağımıza inam böyükdür. Kubokun cavab oyununa yüksək əhval-ruhiyyədə hazırlaşmaq üçün də bu oyun tramplin rolunu oynamalıdır."
Xatırladaq ki, oyun 26 noyabr, saat 15:00-da T.İsayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək.