Qarabağ” “İnter”ə məğlub olub (EXPRESS, 13.04.2005)

single-news
13 Apr 2005

Qarabağ” “İnter”ə məğlub olub (EXPRESS, 13.04.2005)



Dünən futbol üzrə 13-cü milli çempionatın güclülər dəstəsində 27-ci turun ilk beş oyunu keçirildi. Turun mərkəzi qarşılaşmasında cəmi bir qol vuruldu. Sergey Çernyakın hələ 5-ci dəqiqədə baş zərbəsi dəqiq olunca qalibin adına aydınlıq gəldi. "İnter" tarixi boyunca çempionat oyununda ilk dəfə "Qarabağ"a qalib gəlib, həm də ağdamlıların qızıl medallar uğrunda mübarizədə böyük zərbə almasına səbəb oldu. Elmar Baxşıyevin qırmızı vərəqə almasından sonra meydan sahibləri son 20 dəqiqəni azlıqda keçirdi. Amma "Qarabağ" bu imkandan da yararlana bilmədi. "Xəzər-Lənkəran" ikisi kubokda olmaqla dördüncü dəfə OMİK-i 1:0 hesabıyla yendi. Və bu dəfə də yeganə qola Oktay Dərəlioğlu imza atdı. Ordu stadionunda qazanılan qələbə Rasim Karanın yetirmələrinin yenidən potensial lider olmasına şərait yaratdı. "Neftçi" də inamlı qələbə qazandı. Son iki turda dörd xal itirən flaqman bütün acığını "Karat"dan çıxdı. Rəqib meydanında 4:0 hesabıyla qələbə qazanan Ağasəlim Mircavadovun yetirmələri indi "Qarabağ"dan cəmi bir xal geridədi. Bu nəticə həm də "Karat"ın 9 oyunluq məğlubiyyətsiz seriyasına son qoydu. "Göyəzən"in "Şəfa"yla matça görə texniki qələbə aldığı turda digər iki oyun heç-heçə başa çatdı. Ardıcıl 4-cü matçda bərabərliyə qalan "MKT-Araz" "Gəncə"nin müqavimətini qıra bilmədi - 0:0. "Gənclərbirliyi" isə "Bakı"nı ciddi xal itkisinə məruz qoydu. 1:1 hesabı paytaxt təmsilçisinin liderlərdən uzaq düşməsinə səbəb oldu. Bu gün isə daha üç oyun keçiriləcək. Yevlaxda "Şəmkir"i qəbul edəcək "Karvan"ın qələbə qazanmaq şansı pis deyil. Düzdü, meydan sahibləri bu oyunda türkmən legionerlərini itirib. Məkan Nəsirov cəzalı, Nəzər Bayramov isə zədəli olduğundan matçı buraxacaq. Amma bunlar yevlaxlıların üç xal qazanmasına əngəl olmamalıdı. Cəzasını başa vuran Pape Sanba Ba və yenicə transfer edilən Amir Mkadmi baş məşqçi Yunis Hüseynovun ixtiyarındadı. Elə "Şəmkir"də də belə problemlər var. Malxaz Çinçaraulinin cəzası başa çatsa da, komanda eyni səbəbdən daha bir arxa xətt oyunçusu Ylfət Mədətovun xidmətindən yararlana bilməyəcək. Artıq güclülər dəstəsində qalmaq ümidlərini itirən "Bakılı"nın "Turan"a sürpriz edəcəyi inandırıcı deyil. Tovuzlular bir qayda olaraq zəif komandaları asan yenir. Bu üzdən "Şəfa" stadionundakı matçda da qonaqların üç xala asanlıqla qovuşacağını gözləmək olar. Əslində, "Ədliyyə" - "Şahdağ-Samur" görüşü liderlərin matçından əhəmiyyətinə görə geri qalmır. Çünki güclülər dəstəsində qalmaq istəyən bu komandaların hər ikisi üçün qələbə çox vacibdi. Xüsusilə də "nazirlik komandası"na qusarlılarla xal fərqini azaltmaq baxımından qələbə gərəkdi. Birinci dövrədə Əfqan Talıbovun komandası Qusarda rəqibini yenə bilmişdi. İkinci dövrədə hələ də qol vura bilməyən "Şahdağ-Samur" heç olmasa, bu tilsimi "Ədliyyə"ylə oyunda qırmalıdı.

Paylaş