“Qarabağ” “İnter”ə növbəti zərbəni vura bilər ( ÇEMPİON, 15.04.2006)

single-news
15 Apr 2006

“Qarabağ” “İnter”ə növbəti zərbəni vura bilər ( ÇEMPİON, 15.04.2006)



Həftəsonu ölkə çempionatının 21-ci turunun görüşləri keçiriləcək. Bu turun “Bakı” - “MKT-Araz” qarşılaşması bazar ertəsi oynanılacaq. Lider “Karvan” bu turda “Gəncə”ni qəbul edir. İlk dövrədə rəqibinə məğlub olan yevlaxlılar həmin görüşün revanşını almaq niyyətindədirlər. Son vaxtlar çoxsaylı problemlərlə üzləşən “Gəncə”, çətin ki, “Karvan”a müqavimət göstərsin. Qələbə isə yevlaxlıları zirvədə saxlayacaq. ”Karvan”la eyni xala malik olan “Neftçi” isə “Turan”la qarşılaşacaq. Ölkə kubokunda rəqibini üç cavabsız qolla məğlub edən “flaqman”ın Türkiyə ilə matçda zədələnən Nadir Nəbiyevin xidmətindən yararlana bilməyəcəyi gözlənilir. Əgər bu baş verərsə, Branimir Subaşiçin hücumdakı tərəfdaşı Tomislav Mişura olacaq. Hazırkı durumu nəzərə alsaq, “Neftçi”nin də bu matçı üç xalla başa vuracağı daha real görünür. Daha bir iddialı komanda “İnter”i isə bu turda çətin sınaq gözləyir. İkinci dövrədə daha yaxşı təsir bağışlayan “Qarabağ” hazırda rəqibdən azı bir xal alacaq gücdədir. Üstəlik, cəzasını başa vuran ağdamlıların hücumçusu Samir Musayev bu matçda komandasına yardım edə biləcək. Əgər “İnter” bu görüşdə xal itirərsə, zirvədə qərarlaşan komandalardan geri düşə bilər. Altıncı pillə uğrunda mübarizə aparan “Olimpik”in “Gənclərbirliyi” ilə qarşılaşması da maraqlı matçlardan hesab olunur. “Olimpik” ilk dövrədə səfərdə rəqibinə 3:1 hesabı ilə qalib gəlmişdi. Sumqayıtlılar rəqibdən bu matçın revanşını almaq istəyindədirlər. Onların bunu necə həyata keçirəcəkləri isə aprelin 16-da məlum olacaq. Son yeddi qarşılaşmada məğlub olmayan “Xəzər-Lənkəran” bu dəfə MOİK-i qəbul edəcək. Digər qarşılaşmada isə “Şahdağ” “Göyəzən”lə üz-üzə gələcək. Əgər, bu turda ev sahibləri qalib gələrlərsə, qonaqların güclülər dəstəsi ilə vidalaşacağı rəsmiləşəcək.

Paylaş