"QARABAĞ" İSƏ ÜMİDLƏRİ DOĞRULTMADI (525-ci qəzet, 29.07.2006)

single-news
29 İyl 2006

"QARABAĞ" İSƏ ÜMİDLƏRİ DOĞRULTMADI (525-ci qəzet, 29.07.2006)



"MKT-Araz" və "Bakı"nın qitə kuboklarında məğlubiyyətindən sonra bütün ümidlərimiz UEFA kubokunda yarışan "Karvan" və "Qarabağ"a dikilmişdi. Yevlaxlılar ilk matçda qələbə qazansa da, Ağdam klubunun mərhələ keçəcəyinə inananlar daha çox idi. Ən azı ona görə ki, Böyükağa Ağayevin yetirmələri səfərdən sərfəli nəticə ilə (1:1) dönmüşdülər. Həm də "Karvan"ın rəqibindən fərqli olaraq, "Zimbru" zəif komanda sayılırdı. Ancaq sən saydığını say, gör "Zimbru" nə sayır... AĞDAM KLUBU ÜSTÜNLÜYÜNÜ QORUYA BİLMƏDİ "Qarabağ" ilk dəqiqələrdən topla daha yaxşı davranıb qonaqları passiv mövqedə qoymaq istəyirdi. Amma "Zimbru" inanılmaz azarkeş dəstəyinə baxmayaraq, ağdamlılardan qətiyyən çəkinmir, əksinə, imkan düşdükcə kəsərli hücumlar da təşkil edirdi. Hərçənd çərçivənin dəqiqliyini öncə Ağayevin yetirmələri yoxladı. Samir Musayev topu başla vursa da, qolkiper Kalanqea yerində idi. Qonaqların ilk təhlükəsi isə standart vəziyyətdən gəldi. Oyunun ən fəallarından olan Frantsuzun qapı üzərinə ötürməsindən sonra müdafiəçilər Balaşanı boş buraxsalar da, Cahangir düzgün mövqe seçdi. Ümumiyyətlə, moldovanlılar hava mübarizələrindən asanlıqla qalib çıxırdılar. Belə epizodlarda Kirilov daha çox seçilirdi. Bununla belə, azarkeşlər ilk qolu çox gözləmədilər. Romal Hüseynovun ötürməsindən sonra müdafiəçinin arxasından şığıyan Samir Musayev topu başla qapıya göndərdi - 1:0. Bu, birinci hissədə vurulan ilk və son qol olduğundan komandalar fasiləyə ağdamlıların minimal hesablı üstünlüyü ilə yollandılar. İkinci hissəyə moldovanlar daha fəal başladılar. Nəticədə 53-cü dəqiqədə hesab bərabərləşdi. Künc zərbəsindən ötürülən topu müdafiəçiləri qabaqlayan Kirilov başla qapıdan keçirdi - 1:1. Bərabərlik qolundan sonra ağdamlılarda ruh düşkünlüyü yarandı. Futbolçular adi vəziyyətlərdə belə səhvə yol verməyə başladılar. Oyunun sonlarında "Qarabağ" bir qədər fəallaşsa da, Aslan Kərimovun zərbəsi qapıdan azca aralı keçdi. 90 dəqiqədə qalib müəyyən olunmadığından hakim əlavə vaxt təyin etməli oldu. Əlavə vaxtda "Zimbru"lu futbolçular bir-birinin ardınca maraqlı kombinasiyalar təşkil edirdilər. 100-ci dəqiqədə Kişinyov təmsilçisi daha bir standart vəziyyəti dəqiq yerinə yetirdi. Bu dəfə Cahangir Həsənzadəni Daniel Balaşa məyus etdi. Beləcə, Ağdam klubu 1:2 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırdı. "KARVAN" İSƏ ARZULARI GERÇƏKLƏŞDİRDİ "Qarabağ"ın "Zimbru"ya öz meydanında məğlub olmasından sonra diqqətlər Slovakiyaya yönəldi. Burada "Karvan" səfərdə Trnavanın "Spartak" komandasının qonağı idi. İlk matçda rəqibinə bir cavabsız qolla qalib gələn Yevlax təmsilçisi cavab oyununa da iddialı yollanmışdı. Baş məşqçi Yunis Hüseynov da rəqibini məğlub edərək növbəti mərhələyə keçmək iddiasını gizlətmirdi. İlk oyunda qələbə qazanan "Karvan"ın matça ehtiyatla başlayacağı gözlənilirdi. Lakin Yunis Hüseynovun yetirmələrinin ilk dəqiqələrdə sərgilədiyi futbol slovakları çaş-baş saldı. Hələ ilk görüşdə fəallığı ilə diqqət çəkən Süleyman Kamara yenə də fərdi ustalığı ilə "Spartak"ın müdafiəçilərinə rahat nəfəs almağa imkan vermirdi. Yevlaxlılar artıq 12-cı dəqiqədə tribunaya toplaşan azarkeşləri şoka saldılar. Yuri Muzikanın əla ötürməsindən sonra Kamara qapıçı ilə təkbətək çıxdı. Bu epizodda soyuqqanlığını itirməyən seneqallı forvard dəqiq zərbə ilə "Karvan"ı hesabda önə çıxardı. Artıq bundan sonra Yozef Bubenkonun yetirmələrinə mərhələ adlamaq üçün üç qol vurmaq lazım idi. Amma hələ ilk görüşdə etibarlı müdafiəsi ilə seçilən "Karvan"ın qapısına yol tapmaq o qədər də asan deyildi. Trnava klubunun oyunçuları kobud oynamağa başladılar. Bunun da nəticəsində 21-ci dəqiqədə Süleyman Kamara zədələnərək meydançanı tərk etdi. Onu ilk oyunun qəhrəmanı Xalid Muradov əvəzlədi. Bundan sonra "Karvan"ın futbolçuları tempi aşağı salmağa başladılar. Üstünlüyü ələ keçirmək üçün baş məşqçi Yozef Bubenko Semankonu meydançaya buraxdı. İlk hissənin sonuna qədər oyun intizamını itirməyən həmyerlilərimiz fasiləyə minimal hesablı üstünlüklə yollandı. Fasilədən sonra Yevlax klubu əks-hücum taktikasına üstünlük verməyə başladı. İkinci hissədə o qədər də qol vəziyyəti yaranmadı. Ümumiyyətlə, "Karvan" daha çox müdafiədə intizamlı oyunu ilə diqqəti cəlb edirdi. Şimali irlandiyalı referi Adrian Makkartın final fiti isə "Karvan"ın UEFA kubokunda ikinci mərhələyə adlamasını rəsmiləşdirdi. Onu da qeyd edək ki, "Karvan" iki ilkə birdən imza atdı. Yevlax klubu həm UEFA kubokunda mərhələ adlayan ilk Azərbaycan klubu, həm də bu turnirdə səfərdən qələbə ilə dönən ilk təmsilçimiz oldu. Komandanın baş məşqçisi Yunis Hüseynov isə mərhələ keçən 4-cü məşqçimiz oldu. Xatırladaq ki, ondan əvvəl Böyükağa Ağayev, Ağasəlim Mircavadov və Kazbek Tuayev mərhələ adlamışdı. Səfər görüşündə qələbə qazanan "Karvan" bununla yanaşı, klublarımızın "Slovakiya sindromu"na son qoydu.

Paylaş