“Qarabağ” istənilən klubla oynamağa hazırdır” (apasport.az)

single-news
6 Avq 2010

“Qarabağ” istənilən klubla oynamağa hazırdır” (apasport.az)



Avroliqanın III təsnifat mərhələsinin cavab görüşündən sonra “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəlin apasport.az saytına müsahibəsi

- Oyun necə keçdi?
- Şükürlər olsun ki, hər şey biz istəyən kimi oldu. Həm Azərbaycan, həm də Qarabağ adına çox sevindim. Bununla, biz dünyaya mesaj veririk, Qarabağımıza sahib çıxırıq. Çox gözəl gündür. Ancaq bu sevinci qeyd etmək üçün çox vaxtımız yoxdur. Təcili toplaşmalıyıq. Çünki bizi qarşıda çətin oyunlar gözləyir. Bizim Avropa klubları arasına girmək kimi bir iddiamız var. Məncə, artıq Azərbaycan buna hazırdır.

- 3:0 hesabı ilə öndə olduğunuz bir məqamda qapınızdan 2 top buraxdınız. Bu sizi narahat etmədi?
- Bu, futboldur. Mənim üçün vacib olan oyunun keyfiyyətidir. Komanda şəklində yaxşı oynadıq. Rəqibi də yaddan çıxarmamalıyıq. “Visla” 1906-cı ildə qurulub, 104 yaşı var. Qarşımızda daha çətin və nəhəng komandalar var. Bu da normaldır. Avropa Liqasında çətin oyunlar olacaq.

- Növbəti mərhələdə hansı komanda ilə qarşılaşmaq istəyirsiniz?
- Hansı olursa olsun. Əlbəttə, rəqiblərimiz “Qarabağ”la barışacaqlar.

- Güclü rəqiblərlə qarşılaşacaqsınız. Bəs heyəti necə, bir qədər də gücləndirməyi düşünürsünüzmü?
- Bu komandanı dəyişdirmək istəmirik. Allah bəd nəzərdən saxlasın. Hələlik onlardan razıyıq. Hansısa dəyişikliyə ehtiyac duymuruq. İstənilən halda, bu məsələdə son söz sahibi baş məşqçi Qurban Qurbanovdur. O daha yaxşı bilər.

- “Qarabağ”ın Türkiyə klubları ilə qarşılaşmasını istəyirsinizmi?
- Əlbəttə, bunu kim arzulamır ki? Onlar bizim qardaşlarımızdır. Buna baxmayaraq, “Qarabağ” istənilən klubla oynamağa hazırdır.

Paylaş

// pop up