"QARABAĞ" İSTİRAHƏT EDİR

single-news
2 İyn 2005

"QARABAĞ" İSTİRAHƏT EDİR



XIII Milli çempionat başa çatdı və "Qarabağ" Futbol Klubu iddiasını növbəti mövsümə saxladı. Çempionatda özünə layiq olmayan pillədə yer alan "Qarabağ" çempionatlar tarixində hələ altıncı pilləyə yuvarlanmamışdır. İki dəfə çempionluq sevinci yaşamış Klubun ən pis nəticəsi dördüncü yer olmuşdur. Son- XIII Milli çempionatın isə bütün turlarında hətta dördüncü yerə belə düşməyən "Qarabağ" son üç turda 8 xal itirərək aktivinə bir xal yaza bildi. Elə rəqib qapısından da bir top keçirərək, öz qapısında səkkiz top gördü. Bu da klubumuzun indi durduğu yerə düşməsinə səbəb oldu. Turlara nəzər yetirsək, çempionatımızı tərk edən klublarla matçlarda xal itirən, lakin "Derbi" adlandırılan matçların isə Kralı olan "Qarabağ" məhz zəiflərlə xal itkilərinin qurbanı oldu. 31-ci turda müdafiəmizin etdiyi iki kobud səhv nəticəsində aldığı ağır yenilgidən sonra isə, psixoloji durumun gərginləşməsi sonrakı iki turda da özünü göstərdi. Hal-hazırda "Qarabağ" istirahət edir. Legioner futbolçular artıq vətənlərinə dönüblər və Azərbaycana gələn mövsümün hazırlıqları başlayanda qayıdacaqlar. Baş məşqçimiz olan İqor Ponomaryovla müqavilənin müddəti başa çatdığından Klub rəhbərliyi yeni baş məşqçi axtarışındadır. Gələn mövsümün hazırlıqlarına nə vaxt başlanacağı da məhz yeni baş məşqçinin təyinatından sonra bilinəcək.

Paylaş