“Qarabağ” İsveçdən üç xalla dönür

single-news
6 Okt 2023

“Qarabağ” İsveçdən üç xalla dönür



“Hekken” (İsveç) – “Qarabağ” – 0:1

Olavio Juninyo, 70

 

“Qarabağ” növbəti avrokubok oyununu keçirib. Komandamız UEFA Avropa Liqasının qrup mərhələsində ilk səfər matçına çıxıb. Qurban Qurbanovun yetirmələri II turun İsveçdəki görüşündə “Hekken”lə üz-üzə gəlib.

 

Ötən turla müqayisədə start heyətində bir dəyişiklik olub. İlk “11-lik”də Maksim Medvedevi Bədavi Hüseynov əvəz edib.

 

Matç qarşılıqlı hücumlarla başlasa da, komandamız üstünlüyü ələ ala bilib. Ardıcıl hücumlar quran “Qarabağ” fasiləyədək bir neçə qol imkanı əldə edib. Künc zərbəsindən sonra Olavio Juninyonun toxunuşu istənilən kimi alınmayıb.

 

Rəqibin azsaylı təhlükəli hücumlarının qarşısını isə müdafiə xəttimiz kəsib. Qapıçımız Andrey Lunyov da bir neçə epizodda inamlı çıxış edib. Hissənin sonlarında Leandro Andrade və Mateus Silvanın zərbələri yaddaqalan, lakin qeyri-dəqiq alınıb.

 

Fasilədən sonra oyunun ssenarisi dəyişməyib. Rəqibin müqavimətinə baxmayaraq, komandamız üstünlüyü ələ alıb. Hissənin əvvəlində Leandro Andrade və Kevin Medinanın zərbələri təhlükəli alınıb. İsveç klubunun müdafiə xəttini ikinci 45 dəqiqənin ortalarında yarmaq mümkün olub. Yassin Benzianın ötürməsindən sonra Olavio Juninyo yaxın məsafədən qarşısıalınmaz zərbə endirib – 1:0.

 

Buraxılan qoldan sonra rəqib fəallığı artırmağa çalışsa da, “Qarabağ” təşəbbüsü əldən verməyib. Qarşılaşmanın sonlarında zədələnən Leandro Andrade əvəzlənib. Üstünlüyünü hakimin final fitinə qədər qoruyan “Qarabağ” qrup mərhələsində ardıcıl ikinci qələbəsini qazanıb – 1:0.

Paylaş

// pop up