"QARABAĞ" "KARVAN"ı ZİRVƏDƏN SALDI (AYNA, 28.03.2006)
28 Mar 2006
"QARABAĞ" "KARVAN"ı ZİRVƏDƏN SALDI (AYNA, 28.03.2006)
Həftəsonu keçirilən 7 qarşılaşma ilə XVIII tura yekun vuruldu. Bu turda qapılara 12 top vuruldu ki, bunlardan 11-i qonaq kollektivlərin aktivinə yazıldı. Yalnız 7 qarşılaşmanın üçündə bərabərlik qeydə alındı.
"Göyəzən" - "Bakı" görüşündə ikincilərin böyükhesablı qələbə qazanacağını düşünənlər çox idi. Lakin nəticə daha fərqli oldu. Hesabda geri düşən Əsgər Abdullayevin drujinası son dəqiqələrdə status-kvonu təmin etməklə qazanılan bir xala sevinmək məcburiyyətində qaldı. Bu nəticə "Bakı"nın ölkə kubokundakı məğlubiyyətin şokundan ayılmadığını göstərir. Lakin burada, sözsüz ki, Qazax stadionunun ot örtüyünün əlverişsiz vəziyyətdə olması da öz rolunu oynayıb. Bununla belə, 1:1-lik nəticəni artıq elitada qalmaq ümidi tükənən "Göyəzən"in uğuru saymaq olar. "Bakı"nın isə itirilən iki xal üzündən çempionatın qalan turlarında əziyyət çəkəcəyi şübhəsizdir.
"İnter" yenə "Gənclərbirliyi"nin inadını qıra bilmədi. Daha doğrusu, sumqayıtlıların müqavimətini qırmaq üçün lazımi gücü ortaya qoymadı. Qolsuz bərabərlik həm də "bankirlər"in cari mövsümdə evdə ilk xal itkisi kimi də tarixə düşdü. Heç-heçə, şübhəsiz ki, əli kubokdan üzülüb bütün gücünü ölkə birinciliyinə yönəldən "bankirlər"in marafonun qalan qismində başının ağrıması ilə nəticələnəcək.
Elita ilə vidalaşmağa hazırlaşan MOİK bu dəfə də sensasiyaya imza atmadı. Əksinə, birinci dövrədə "hərbçilər"ə məğlub olan və autsayderə bununla cari mövsümdə ilk qələbə sevinci yaşadan "Olimpik" MOİK-ə öz yerini göstərdi. Qazanılan üç xal həm də "təyyarəçilər"in turnir cədvəlində bir pillə yüksəlməsinə imkan yaratdı.
"Neftçi" Gəncənin eyniadlı təmsilçisini darmadağın etməklə zirvəyə qalxdı. Sözsüz ki, indi birinci dövrədəki gücündən əsər-əlamət belə qalmayan qərb klubundan hansısa uğurlu nəticə gözləmək yersiz olardı. Birinci dövrədə "Neftçi"nin "evdə yenilməzlik" sindromunu qıran "Gəncə"nin halına baxanda acımamaq və "kiminin əvvəli, kiminin axırı" deməmək olmur.
Ümumilikdə turun ən maraqlı qarşılaşması Suraxanıda baş tutdu. Çempionluq mücadiləsi aparan rəqiblərindən ikisinin - "Bakı" və "İnter"in şənbə günü büdrəməsi "Karvan"lıların üzünü güldürmüşdü. Lakin sevincə sevinc qatmaq üçün aranlılar "Qarabağ" səddini keçməli idilər. Bunun üçün bütün gücünü ortaya qoyan "Karvan" qapı tiri və dirəklərin "inadını" qıra bilmədi.
"Xəzər-Lənkəran" da birinci dövrədəki məğlubiyyətin acısını səfərdə vurduğu iki qolla çıxdı. Doğrudur, "Şahdağ"la görüşdə əldə edilən üç xal lənkəranlıların turnir cədvəlində Qusar təmsilçisi ilə yerdəyişmə etməsi ilə yekunlaşdı. Ancaq bununla belə, cənublular üçün mövsümün uğursuz keçdiyi şübhəsizdir. Kuboku 1/4 finalda tərk edən Viktor Pasulko "Xəzər-Lənkəran"ın növbəti mövsüm üçün planlarını indidən tutsa, yaxşıdır.
"Turan" heç kimin gözləmədiyi halda İmişlidən üç xalla qayıtdı. Görünür, 2 həftə öncə ölkə kubokunun yarımfinalına vəsiqə əldə edən "MKT-Araz" hələ də həmin uğurun eyforiyasını yaşayır. Belə olmasaydı, "pambıqçılar" əsas heyətini itirmiş tovuzlulara uduzmazdılar.