“Qarabağ" Kazbek Tuayevlə danışıq aparır (HET-TRIK, 02.12.2005)
2 Dek 2005
“Qarabağ" Kazbek Tuayevlə danışıq aparır (HET-TRIK, 02.12.2005)
Cari çempionatda əli hər yerdən üzülən "Qarabağ" bütün diqqətini ölkə kubokuna yönəldib. Ağdam komandası birincilikdə zəif çıxışını kubokda irəli getməklə "sığortalamaq" fikrindədir. Turnirin 1/4 final mərhələsinə vəsiqə qazanan "Qarabağ"ı irəlidə asan rəqibin gözləmədiyi dəqiqdir. "Şirkət təmsilçisi" yarışın son qalibi "Bakı"nı sıradan çıxarmalıdır. Bunun çətin olacağını isə klub rəhbərliyi çox gözəl başa düşür. Odur ki, komanda dövrələrarası fasilədə böyük dəyişiklərə hazırlaşır. Əldə etdiyimiz məlumata görə, qış fasiləsində 10-a yaxın futbolçu transferə çıxarılacaq. Onların əksəri yerli oyunçulardır. Aparıcı fiqurlardan Samir Musayevin də yol üstündə olduğu söylənilir. Yanvarda Türkiyədə uzun müddətli təlim-məşq toplanışı keçməyi planlaşdıran ağdamlılar sıralarına da əməlli-başlı əl gəzdirəcək. 4 legionerin və 5 yerli futbolçunun "Qarabağ"lı olacağı gözlənilir. Dünən klub rəhbərliyinə yaxın dairələrindən eşitdiyimiz bilgiyə görə, baş məşqçi Elxan Abdullayevin də gedişi gündəmdədir. Hazırda "Qarabağ" bosları "Turan"a keçidi reallaşmayan Kazbek Tuayevlə danışıqlara başlayıb. Təcrübəli məşqçi bu komandada işləməyə müsbət yanaşır.
"Qarabağ"ın baş direktoru Əmrah Çəlikəlsə bunu hələ ki təsdiqləmək istəmir. Klub rəsmisi belə bir məsələni müzakirə etmədiklərini bildirir. Onun sözlərinə görə, baş məşqçi məsələsinə dekabrın sonuncu həftəsində aydınlıq gələcək.