“Qarabağ" Kokoyevlə bacara bilmədi (HET-TRİK, 05.12.2005)

single-news
5 Dek 2005

“Qarabağ" Kokoyevlə bacara bilmədi (HET-TRİK, 05.12.2005)



Oyun kəşfiyyat xarakterli hücumlarla başladı. Birinci yarıda ilk təhlükəli vəziyyəti "Qarabağ" yaratdı. Samir Musayevin sol cinahdan asmasını Voskoboynik başla qapıya yönəltsə də, Kokoyev topu geri qaytardı. O, Engin Özmənin təkrar vuruşunu da dəf edərək, komandasını bir dəqiqə ərzində iki yüzfaizlik qoldan xilas etdi. "Gəncə"nin də cavabı təhlükəli alındı. İrakli Beraya qapıçıyla təkbətək mübarizədən məğlub ayrıldı. Az sonra Xaliq Mərdanov təxminən 30 metrdən cərimə zərbəsini dəqiq yerinə yetirsə də, hakim sərbəst zərbə verdiyini bildirərək, qolu hesaba almadı. İkinci yarı bütövlükdə "Qarabağ"ın ərazi üstünlüyü şəraitində keçdi. Əvvəlcə Samir Musayev, ardından isə yenicə meydana daxil olmuş Fəqan Şahbazov qapıçıyla dueldən məğlub ayrıldı. Oyunun son dəqiqəsində isə Sokolovskinin cərimə zərbəsini çətinliklə də olsa, zərərsizləşdirən Eduard Kokoyev komandasına bir xal qazandırdı. Oyunda mükəmməl qurtarışlarıyla yadda qalan Kokoyev həm də bununla keçmiş komandasına qarşı inamla oynayaraq, onları 3 xaldan məhrum etdi.Ümumiyyətlə meydan sahiblərindən beş futbolçu meydana zədəli çıxmışdı.Sözsüz ki, bu da oyuna öz təsirini göstərdi. Elxan Abdullayev ("Qarabağ"ın baş məşqçisi): "Komanda yavaş-yavaş həm düzəlir, həm də öz oyununu tapır. Bir neçə oyunçumuz meydana zədəli çıxmışdı. Bərabər səviyyəli oyun keçdi". Şahin Diniyev ("Gəncə"nin baş məşqçisi): "Hələ heç nə qurtarmayıb. Qarşıdakı iki oyundan qələbəylə ayrılaraq, liderlərə yaxınlaşmalıyıq. Bu gün komandanın oyunundan razı qalsam da, hücumçulardan narazıyam.Hesab edirəm ki, bu gün biz bir xalı qazandıq".

Paylaş