"Qarabağ" Lənkəranda... yağışa düşdü (FUTBOL+, 07.11.2005)

single-news
7 Noy 2005

"Qarabağ" Lənkəranda... yağışa düşdü (FUTBOL+, 07.11.2005)



Xəzər-Lənkəran-2 - Qarabağ (Ağdam) 0:0 Xəzər-Lənkəran-2: Elşad Tahirov (k), Rəşad Xəlilov, Bəxtiyar Mehrəliyev, Ramin Rzayev, Bəhruz Zeynalov, Elnur Qəmbərov, Aqşin Həşimov, Elçin Həsənov, Ramin Məmmədov, Hilal Məmmədov, Timur Dadaşov (Ramin Nəsirov, 82). Baş məşqçi: Qəhrəman Əliyev. Qarabağ: Cahangir Həsənzadə, Hüseyn İsgəndərov, Vasif Haqverdiyev, Aslan Kərimov, Müşfiq Hüseynov (k), Aleksandr Voskoboynik (Fəqan Şahbazov, 74), Mübariz Orucov, Eltay Aslanov (Namiq Yusifov, 80), Azər Cabbarov (Engin Özmən, 70), Sergey Kravçenko, Denis Sokolovski. Baş məşqçi: Elxan Abdullayev. Vərəqələr: H.Məmmədov, 8. E.Həsənov, 29. A.Voskoboynik, 45+1 - sarı. Hakimlər: FEYZULLA FEYZULLAYEV, Elşən Durmuşov, Vasif Məmmədov, Elnur Muradov (hamısı Bakı). Hakim-inspektor: Füzuli Nəcəfov (Bakı). AFFA nümayəndəsi: Əbdül Məmmədov (Bakı). 5 noyabr. Lənkəran. Olimpiya Kompleksinin stadionu. 300 tamaşaçı. Əvvəlcədən qeyd edim ki, "Qarabağ" cütün favoriti sayılsa da, Qəhrəman Əliyevin yetirmələri əzmkarlığı sayəsində qələbə qazanmağa layiq idi. Lakin təcrübəsizlik, bəzən də şanssızlıq onların fərqlənməsinə mane olurdu. Səhər saat 11-dən başlayan yağış oyuna 15 dəqiqə qalmış daha intensiv şəkil aldı. Elə bu səbəbdən də su meydanı yararsız hala salmışdı. İlk dəqiqələrdən hücuma atılan Elxan Abdullayevin yetirmələri Lənkərana qələbə üçün gəldiyini büruzə verdi. Rəqibi daha çox əks-hücumlarda yaxalamaq istəyən lənkəranlıların cəhdlərini "Qarabağ"ın müdafiəçiləri sərt, bəzən də kobudluqla alırdı. Hakimin onlara yalnız şifahi xəbərdarlıq etməsi stadiona toplaşan azarkeşlərin narazılığına səbəb olurdu. Birinci hissədə ağdamlıların ərazi üstünlüyünə və aramsız hücumlarına baxmayaraq, real qol vəziyyətini meydan sahibləri yaratdı. 24-cü dəqiqədə Timur Dadaşovun iki müdafiəçinin qarşısından ideal ötürməsini Aqşin Həşimov uzaq küncə göndərsə də, Cahangir Həsənzadə topu dəf edə bildi. Lənkəranlıların müdafiə "üçlüy"ü - Rəşad Xəlilov, Elçin Həşimov və Hilal Məmmədov isə ağdamlıların düz-əməlli zərbə vurmağına imkan yaratmırdı. İkinci hissədə tam başqa vəziyyətin şahidi olduq. "Xəzər-Lənkəran-2" ilk 45 dəqiqədən fərqli rəqibdən çəkinmədən başa-baş futbol oynayırdı. Elə bu səbəbdən də mübarizə əsasən meydanın mərkəzində gedirdi. Bir çox hallarda isə meydançanın ayrı-ayrı hissələrində yığılıb qalmış su ötürmələrin və zərbələrin dəqiqliyinə mane olurdu. Qonaqların kapitanı Müşfiq Hüseynovun və Aleksandr Voskoboynikin hücumları məntiqi nəticəsini tapmırdı. Elxan Abdullayev ardıcıl etdiyi üç əvəzləməylə də hesabın açılmasına nail ola bilmədi. Müşfiq Hüseynov 56-cı dəqiqədə Mübariz Orucovun ötürməsiylə, 88-ci dəqiqədə isə öz cəhdi nəticəsində qol vurmaq şansı yaxalasa da, sonda Elşad Tahirovla mübarizədən məğlub ayrıldı. Bunadək "Xəzər-Lənkəran-2" iki qol şansını qaçırmışdı. Belə ki, 60-cı dəqiqədə Ramin Məmmədovun cərimə zərbəsindən yerlə vurduğu topu Cahangir tutsa da, 82-ci dəqiqədə cərimə zərbəsindən gələn topu Ramin Rzayev saxlamadan qapıya göndərdi ki, bu vəziyyətdə topun qapıdan keçməsinə Həsənzadə yox, su və palçıq mane oldu. Beləliklə, bütün birinci dəstə təmsilçiləri elitadan olan rəqibləriylə "sülh" bağladı.

Paylaş

// pop up