"QARABAĞ" LİDERLİYİNİ MÖHKƏMLƏTDİ(525-Cİ QƏZET, 01.03.2005)

single-news
1 Mar 2005

"QARABAĞ" LİDERLİYİNİ MÖHKƏMLƏTDİ(525-Cİ QƏZET, 01.03.2005)



Fevralın 27-28-də futbol üzrə Azərbaycan çempionatında növbəti turun görüşləri keçirilib. 21-ci turun mərkəzi oyunu çərçivəsində Yevlaxda yerli "Karvan" "Qarabağ"la qarşılaşıb. Turnir cədvəli baxımından prinsipial xarakter daşıyan matçdan qonaqlar qalib ayrılıblar. Yeganə qolu 23-cü dəqiqədə Vadim Vasilyev vurub. Ərazi üstünlüyünə malik yevlaxlıların səyləri nəticəsiz qalıb. Bununla da "Karvan" bu mövsüm doğma divarlar arasında ilk dəfə məğlubiyyət acısı dadıb. Xatırladaq ki, bundan əvvəlki turda da Yunis Hüseynovun rəhbərlik etdiyi kollektiv uğursuzluğa düçar olmuşdu. "Qarabağ"la matçda "Karvan"ın ən məhsuldar futbolçusu, bombardirlər siyahısına başçılıq edən Zaur Ramazanov təkcə meydanda deyil, həmçinin meydandan kənar hərəkətlərilə yadda qalıb. Final fiti çalındıqdan sonra yan xətt hakimi Aydın Ələkbərovla mübahisəyə girişən Z.Ramazanov hakimi vurmağa da imkan tapıb. Qələbə sayəsində "Qarabağ" zirvədəki yerini möhkəmləndirib. İndi Ağdam komandası ən yaxın izləyicisindən 5 xal irəlidədir. "Neftçi" də bu turda xal ehtiyatını artırıb. Sumqayıtda "Gənclərbirliyi"ni məğlub edən (bu oyunda Qurban Qurbanov ikinci dövrədə ilk qolunu vurub) flaqman özünü "Karvan"a yetirib. Liderləri "Bakı" komandası qarabaqara izləyir. Son turda paytaxtın eyniadlı klubunun "Gəncə"yə qarşı nümayiş etdirdiyi oyundan isə danışmağa dəyməz. Mövsüm ərzində bəlkə də ən zəif oyununu keçirən bakılılar çətinliklə də olsa, 3 xal qazanıb. Qeyd edək ki, Əsgər Abdullayevin yetirmələri görüşün 89-cu dəqiqəsində, özü də rəqib müdafiəçi İlham Yədullayevin səhvindən sonra qol sevincini yaşayıblar. "Xəzər-Lənkəran" "Şəmkir"i darmadağın edib- 4:0. Səfərdə qazanılan qələbədə türk futbolçu Oqtay Dərəlioğlu dubla imza atıb. Bundan başqa Vüsal Hüseynov da rəqibi cəzalandırıb. Qarşılaşmada son nöqtəni "Xəzər-Lənkəran"ın kapitanı Samir Əliyev qoyub. Yarışın mükafatlarına iddialı "MKT-Araz" və "İnter" komandalarının "duel"i "sülh"lə bitib. Eyni hesab Bakıda da qeydə alınıb. Amma bu dəfə fərqlənməyənlər "təhlükəli zona"dan uzaqlaşmaq istəyən komandalar olub. Söhbət MOİK- "Şahdağ-Samur" matçından gedir. "Bakılı" da öz meydanında bir xalla kifayətlənib. "Göyəzən" isə dünən mövsümdə 5-ci qələbəsini rəsmiləşdirib. "Şəfa" çempionatdan çıxarıldığından bu turda "Turan"a texniki qələbə verilib. Milli çempionatda 22-ci turun oyunları martın 3-4-də keçiriləcək. "Karvan"-"Qarabağ"- 0:1 "Gənclərbirliyi"-"Neftçi"- 1:2 "MKT-Araz"-"İnter"- 0:0 "Bakı"-"Gəncə"- 1:0 "Şəmkir"-"Xəzər-Lənkəran"- 0:4 MOİK-"Şahdağ-Samur"- 0:0 "Bakılı"-"Karat"- 1:1 "Göyəzən"-"Ədliyyə"- 1:0 "Şəfa"-"Turan"- -:+

Paylaş