“Qarabağ Mechack 9030” komandası beynəlxalq yarışda iştirak edib

single-news
11 Apr 2026

“Qarabağ Mechack 9030” komandası beynəlxalq yarışda iştirak edib



“Qarabağ Mechack 9030” robototexnika komandası dünyanın ən nüfuzlu mühəndislik yarışlarından biri olan FIRST Robotics Competition (FRC) çərçivəsində keçirilən beynəlxalq turnirlərdə uğurlu nəticələr əldə edib.

Qeyd edək ki, FIRST Robotics Competition (FRC) qlobal miqyasda ən prestijli robototexnika yarışlarından biri hesab olunur. Layihənin ideya müəllifi və baş tərəfdaşlarından biri ABŞ-nin Milli Aeronavtika və Kosmos Agentliyidir (NASA). Hər il yanvar ayının ilk şənbə günü NASA tərəfindən yarışın mövzusu elan olunur və iştirakçı komandalar məhz həmin tapşırığa uyğun robot hazırlayaraq yarışa qatılırlar.

“Qarabağ Mechack 9030” komandası bu il ABŞ-də keçirilən “Gotham Regional” və “New York Regional” turnirlərində iştirak edib.

“Gotham Regional” mərhələsində komanda 39 komanda arasında yüksək rəqabət şəraitində çıxış edərək top 15-ə düşməyi bacarıb.

Fərdi və komanda nailiyyətləri baxımından da nəticələr diqqətəlayiqdir. Komandanın iki üzvü Leadership (liderlik) nominasiyası üzrə fərqlənərək final mərhələsinə yüksəlib.

Bununla yanaşı, komandanın mentoru robototexnika sahəsində xüsusi nüfuza malik olan Woodie Flowers Award nominasiyası üzrə final mərhələsinə yüksəlib ki, bu da komandanın inkişafında mentorluğun mühüm rol oynadığını bir daha təsdiqləyir.

“Qarabağ Mechack 9030” komandasının əldə etdiyi bu uğurlar beynəlxalq platformada artan nüfuzun göstəricisi olmaqla yanaşı, Azərbaycanda robototexnika və STEM sahələrinin inkişafına verilən töhfənin də bariz nümunəsidir.

Paylaş

// pop up