“Qarabağ” mərhələ şansını xeyli çətinləşdirdi (ÇEMPİON, 06.03.2006)

single-news
6 Mar 2006

“Qarabağ” mərhələ şansını xeyli çətinləşdirdi (ÇEMPİON, 06.03.2006)



“Qarabağ”ın oyuna hücumlarla başlayacağı gözlənilən idi. İlk öncə ona görə ki, ağdamlılar bu matçda meydan sahibi rolunda çıxış edirdilər və “Bakı”dan fərqli olaraq onlar bütün ümidlərini ölkə kubokuna bağlamışdı. Bundan başqa, qarabağlıların çempionatın ilk dövrəsində rəqibinə 2:4 lük məğlubiyyəti də matçın prinsipiallığını artırırdı. Hesab artıq 2-ci dəqiqədə açıla bilərdi. Təbii ki, əgər Mübariz Orucov əlverişli vəziyyətdə real imkanı qaçırmasaydı. Bundan sonrakı dəqiqələr də ağdamlıların üstünlüyü ilə keçirdi. Bakılılar ilk 15 dəqiqədə heç cür öz oyunlarını tapa bilmirdilər. Məhz 15-ci dəqiqədə qonaqlar ilk ciddi həmləni elədilər və etiraf edək ki, bu epizodda Fernando Peres fərqlənməyə borclu idi. Lakin o, Ceyhun Sultanovun ideal ötürməsindən sonra yaxın məsafədən başla çəröçivəni dəqiq nişan ala bilmədi. Halbuki, bu zaman heç kim ona mane olmurdu. Əvəzində meydan sahibləri hesabı açdılar. 30-cu dəqiqədə müdafiəçilərdən dönən topu Mübariz Orucov qapıya yönəltdi. Geri qayıdan topa toxunan Yuşka çempionatımızda qol hesabını açdı. Sanki bu epizod Əsgər Abdullayevin yetirmələrini ayıltdı. Artıq meydançada rollar dəyişdi. İndi “Bakı” daha çox hücum edir, “Qarabağ” isə qapının təhlükəsizliyinin qeydinə qalırdı. Qonaqlar 45-ci dəqiqədə istəklərinə çatdılar. Cərimə zərbəsindən növbəti ötürmə zamanı Peres ilk epizoddakı səhvini düzəltdi və komandasının fasiləyə yenik yollanmasına imkan vermədi. İkinci hissəyə hər iki məşqçi dəyişikliklə başladı. Ağayevdən fərqli olaraq Abdullayevin əvəzləməsi məcburiyyətdən atılan addım idi. Belə ki, hələ oyunun əvvəllərindən zədələnən Rafael Əmirbəyov ikinci yarıda meydana çıxa bilmədi və yerini Rexviaşvikliyə verdi. Ladaqa isə Əmirbəyovun mövqeyinə çəkildi. Bu isə qonaqların müdafiəsində xeyli boşluqların yaranmasına səbəb oldu. Çünki braziliyalı heç cür mərkəzdə öz oyununu tapa bilmədi. Boşluqlardan isə “Qarabağ” lazımınca istifadə etdi. 57-ci dəqiqədə topu ələ keçirən Samir Musayev sürətlə cərimə meydançasına daxil oldu. Düzgün mövqe seçə bilməyən müdafiəçi isə onu tutub saxladı ki, bu da penaltiyə səbəb oldu. Musayev özü komandasını hesabda irəli çıxartdı. Bu qoldan sonra gözlənilənlərin əksinə olaraq Ağdam klubu təzyiqi bir az da artırdı və rəqibi üçüncü dəfə meydançanın mərkəzinə dəvət etdi. Yuşkanın ötürməsindən sonra irəli şığıyan Samir Musayev möhtəşəm qola imza atdı. Onun cərimə meydançasının küncündən vurduğu top havada möcüzəvi trayektoriya cızaraq “doqquzluğ”a daxil oldu. Artıq yerli azarkeşlər komandalarından dördüncü qolu tələb etməyə başladılar. Çünki bütünlüklə irəli atılan bakılılar müdafiədə boşluqlar yaradırdılar. Meydançaya ikinci hissədə daxil olan Rexviaşvili də ümüdləri doğrultmadı və yenidən əvəzləndi. Hər halda, “Bakı” son dəqiqələrdə qol vura bildi. Cinahdan ötürmə zamanı Cahangir Həsənzadə çıxışda səhvə yol verdi. Onun uzaqlaşdıra bilmədiyi top isə müdafiəçinin əlinə toxundu və İmamxan Sultani bu matçda ikinci dəfə onbirmetrlik nöqtəni göstərdi. Topa yaxınlaşan Vasilyev intiriqanı növbəti matça saxladı - 3:2. Böyükağa Ağayev (“Qarabağ”ın baş məşqçisi): “Oyunun çətin olacağını bilirdik. Çünki rəqib iki ilə yaxındır eyni heyətlə oynayır. Biz isə yeni yığışmış komandayıq. Bununla belə, komandamda əzmkarlıq var idi. Düzdür, 3:1 yaxşı hesab idi. Təəssüf ki, son dəqiqədə top buraxaraq şansları bərabərləşdirdik”. Novruz Əzimov (“Bakı”nın məşqçisi): “Birinci hissədə pis oynamadıq. lakin Rafaelin zədələnməsi bizim əlehimizə oldu. Ladaqanı onun mövqeyinə çəkdik. Rəqib də yaxşı oynadı. Lakin bəzi futbolçuları var idi ki, artıq hərəkətlərə yol verirdilər. Yaxşı ki, son dəqiqədə fərqlənərək şansımızı yaxşılaşdırdıq”

Paylaş