"Qarabağ" məşqlərini bərpa etdi (525-ci qəzet, 03.08.2006)

single-news
3 Avq 2006

"Qarabağ" məşqlərini bərpa etdi (525-ci qəzet, 03.08.2006)



BÖYÜKAĞA AĞAYEV: "ZİMBRU" İLƏ OYUNDAN SONRA UŞAQLARIN PSİXOLOJİ DURUMU İSTƏNİLƏN SƏVİYYƏDƏ DEYİLDİ" Acınacaqlı şəkildə "Zimbru"ya məğlub olaraq UEFA kubokunda mübarizəni elə ilk mərhələdəcə başa vuran "Qarabağ" bir neçə gündən sonra start götürəcək XV ölkə çempionatının hazırlığına başlayıb. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda gündə bir dəfə məşq edən komanda əsasən yüngül hazırlıqla kifayətlənir. Zədəli olan Sergey Sokolov yalnız qaçışla kifayətləndiyi halda, Hakan Demir və Azər Məmmədov dünəndən məşqlərə start veriblər. Ötən çempionatın ikinci dövrəsində "Olimpik"lə qarşılaşmada zədələnərək altı aylığa sıradan çıxan İrakli Beraya isə artıq tam gücü ilə hazırlığa başlayıb. Gürcü futbolçunun ölkə biriciliyində tam gücü ilə komandasına kömək edəcəyi gözlənilir. Məşqlərdə futbolçunun böyük istəklə hazırlaşması məşqçiləri sevindirir. Bundan başqa Mübariz Orucov da komanda ilə hazırlıqlara başlayıb. Komandanın son durumu barədə Ağdam klubunun baş məşqçisi Böyükağa Ağayev "Qarabağ"ın saytına məlumat verib: "UEFA Kubokunda "Zimbru"ya qarşı oyundan sonra uşaqlarda ən əsası psixoloji vəziyyət qənaətbəxş deyildi. İlk məqsədimiz bu durumdan onları çıxartmaq idi ki, bunada günü-gündən nail olduğumuzu deyə bilərəm. İndi bütün gücümüzü çempionatın hazırlığına yönəltmişik. Hal-hazırda zədəlilərimiz də komanda ilə məşqlərə başlayırlar. İlk turda "Karvan"la qarşılaşmanın təxirə salınması səbəbindən çempionata 10 avqustda "Şahdağ"a qarşı oyunla başlayacağıq. İnanıram ki, bu günə qədər bütün zədə problemləri həll olunacaq və komandam optimal heyətlə çempionata başlayacaq".

Paylaş