"QARABAĞ" MÖVSÜMDƏ DÖRDÜNCÜ DƏFƏ UDUZDU( 525-ci qəzet, 13.04.2005)
13 Apr 2005
"QARABAĞ" MÖVSÜMDƏ DÖRDÜNCÜ DƏFƏ UDUZDU( 525-ci qəzet, 13.04.2005)
Dünən futbol üzrə Azərbaycan milli çempionatında 27-ci turun 5 matçı keçirilib. Bu qarşılaşmalardan üçündə sürpriz nəticələr qeydə alınıb. Lider məğlubiyyətə düçar olub, mükafatlara göz dikən iki komanda isə xal itkisinə məruz qalıb.
Mərkəzi görüş paytaxtın "Şəfa" stadionunda çempionatın qızıl medallarına iddialılar - "İnter" və "Qarabağ" arasında baş tutub. Oyunun əvvəli meydan sahibləri üçün uğurlu alınıb. Artıq 4-cü dəqiqədə "İnter" hesabı açıb. Vladimir Makovskinin ötürməsini Sergey Çernyak dəqiq zərbəylə qapıya göndərib. Birinci hissədə mübarizə daha çox meydanın mərkəzində gedib. Fasilədən sonra Anatoli Konkov yetirmələrinə qapının toxunulmazlığı tapşırığını verib. "İnter" ikinci hissədə əks-hücum taktikası seçdiyindən "Qarabağ" rəqibin cərimə meydançasına daxil olmaqda və təhlükəli vəziyyətlər yaratmaqda çətinliklə üzləşib. Həmin dəqiqələrdə ağdamlıları əks-hücumda yaxalayan "İnter" futbolçularının daha bir neçə dəfə fərqlənmək imkanı olub. Amma həlledici məqamlarda qeyri-dəqiqlik və "idman xoşbəxtliyi" sayəsində dünənki oyunda "Qarabağ" öz qapısında cəmi bir qol görüb. Beləliklə, çempionatın lideri cari mövsümdə 4-cü dəfə məğlubiyyətlə barışıb. "İnter" isə qələbə nəticəsində liderlər qrupuna yaxınlaşıb. İndi bu komandanı zirvədən 5 xal ayırır.
"Qarabağ"ın məğlubiyyəti "Xəzər-Lənkəran"ı yenidən potensial liderə çevirib. Lənkəran klubu dünən Ordu stadionunda MOİK-lə qarşılaşıb və çətin qələbə qazanıb. Oyun boyu hərbçilərin ciddi müqavimətilə rastlaşan Rasim Karanın yetirmələri fasiləyə az qalmış fərqləniblər. 42-ci dəqiqədə MOİK-in cərimə meydançasında türk futbolçu Oqtay Dərəlioğluya qarşı kobudluğa görə görüşün baş hakimi Vüsal Əliyev penalti təyin edib. Oqtay Dərəlioğlu özü zərbəni dəqiq yerinə yetirib. Xatırladaq ki, türk hücumçu ardıcıl 8 oyundur ki, rəqib qapılarından top keçirir. Oqtayın qolu qarşılaşmada yeganə olub. Sakit axarda keçən ikinci hissədə komandaların səyləri bəhrəsiz qalıb.
"Neftçi" "Karat" üzərində asan qələbəyə nail olub. Flaqman rəqib qapısına dörd cavabsız top vurub. Əvvəlcə, gürcü George Adamiya "Karat"ı məyus edib. İkinci hissədə isə Ağasəlim Mircavadovun komandası 3 dəfə meydan sahiblərini oyuna meydanın mərkəzindən başlamağa məcbur edib. 50-ci dəqiqədə Zaur Tağızadə fərqi artırıb. Qurban Qurbanovun qolu isə 69-cu dəqiqəyə təsadüf edib. Matçda son nöqtəni 38 yaşlı yarımmüdafiəçi Vidadi Rzayev qoyub - 4:0.
Sumqayıt səfəri "Bakı"ya düşməyib. Əsgər Abdullayevin yetirmələri "Gənclərbirliyi"nin müqavimətini qıra bilməyiblər. Hətta "Bakı" məğlubiyyətdən son dəqiqələrdə qurtula bilib. İssa Nikiemanın 75-ci dəqiqədə vurduğu qolun əvəzini qonaqlar yalnız 90-cı dəqiqədə çıxa biliblər. Bərabərlik qoluna argentinalı Fernando Peres imza atıb. "MKT-Araz" doğma azarkeşlər önündə "Gəncə"ylə heç-heçə edib - 0:0.
"Şəfa" çempionatda çıxışını dayandırdığından "Göyəzən"ə texniki qələbə verilib. 27-ci tura bu gün yekun vurulacaq. Yevlax şəhər stadionunda "Karvan" "Şəmkir"i qəbul edəcək. Bakıda iki oyun keçiriləcək. "Ədliyyə" stadionunda eyniadlı komanda Qusar "Şahdağ-Samur"unu sınağa çəkəcək. Çempionatın autsayderi "Bakılı" isə "Turan"la qarşılaşacaq. Bütün oyunlar saat 17-də başlanacaq.