“Qarabağ” mövsümə qələbə ilə başladı

single-news
9 İyl 2026

“Qarabağ” mövsümə qələbə ilə başladı



Komandamız 2026/27 mövsümündə ilk oyununu keçirib. UEFA Avropa Liqasında mübarizəyə başlayan “Qarabağ” İslandiya təmsilçisi “Vestri” ilə qarşılaşıb.

 

I təsnifat mərhələsinin evdəki ilk oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Komandamız görüşə aşağıdakı start heyəti ilə başlayıb: 99 Mateuş Koxalski, 2 Mateus Silva, 55 Bədavi Hüseynov (k), 4 Bense Varkonyi, 5 Bruno Lanqa, 35 Pedro Bikalyo, 8 Marko Yankoviç, 20 Kadi Borges, 21 Aleksey Kaşuk, 10 Abdullah Zubir, 11 Zakaria Savo.

 

Qarşılaşma komandamızın üstünlüyü ilə keçib. İlk dəqiqələrdən təşəbbüsü ələ alan futbolçularımız rəqib qapısına hücumlar təşkil edib.

 

Komandamız müdafiəyə qapanan qonaqların müqavimətini birinci hissənin ikinci yarısında qırmağa nail olub. Öncə Zakaria Savo özünün “Qarabağ”da, komandamızın mövsümdə ilk qoluna imza atıb. Abdullah Zubir isə hesabdakı fərqi iki topa çatdırıb.

 

Fasilədən sonra da komandamız daha çox hücum edib. Lakin rəqib qapısı önündə yaranan təhlükəli epizodlardan yalnız biri qolla nəticələnib. Reynaldo Sefas qol sevinci yaşayıb. Beləliklə, “Qarabağ” mövsümə 3:0 hesablı qələbə ilə başlayıb.

 

Qeyd edək ki, “Qarabağ”la “Vestri” arasında cavab oyunu iyulun 16-da İslandiyada keçiriləcək.

Paylaş

// pop up