“Qarabağ” mühüm xalları itirdi(idman.azer.net,05.04.2005)

single-news
6 Apr 2005

“Qarabağ” mühüm xalları itirdi(idman.azer.net,05.04.2005)



Futbol üzrə ölkə çempionatında həftə sonu 25-ci turun görüşləri oynanılıb. Ötən tur “Bakılı”dan yalnız 1 xal qoparmağa nail olan “Qarabağ” bu dəfə eyni aqibətlə İmişlidə üzləşib. “MKT-Araz”la 1:1-ə qalan İqor Ponomaryovun yetirmələri bununla daha bir itkiyə uğrayıblar. Lideri qarabaqara izləyən “Neftçi” isə aktivini 3 xalla zənginləşdirib. Flaqman ordu stadionunda keçirilən görüşdə MOİK-i Qurban Qurbanovun 87-ci dəqiqədə vurduğu yeganə qolla üstələyib. “Xəzər-Lənkəran”la “İnter” də fanatlarını sevindirib. Cənublular səfərdə “Bakılı”nı 3:1 üstələdiyi halda “bankirlər” evdə “Ədliyyə”yə 2:1 qalib gəlib. Avrokuboklara iştiraka vəsiqə verən yerlər uğrunda mübarizədən geri qalmamağa çalışan “Bakı” və “Turan” da növbəti dəfə iddiasını ortaya qoyub. Paytaxt komandası Şəmkirdə eyni adlı klubu 2:0 məğlubiyyətə uğradıbsa, tovuzlular da Sumqayıtda “Gənclərbirliyi”nə eyni hesabla yenilgi acısı dadızdırıb. Digər 2 matç isə belə nəticələnib; “Göyəzən” - “Gəncə” 0:2 və “Karat” - “Şahdağ-Samur” 2:0. “Şəfa” fəaliyyətini dayandırdığından “Karvan”a 3:0 hesablı texniki qələbə verilib.

Paylaş