“Qarabağ” “Neftçi” ilə oyuna Xızıdan gəlir (HET-TRİK, 03.05.2006)

single-news
3 May 2006

“Qarabağ” “Neftçi” ilə oyuna Xızıdan gəlir (HET-TRİK, 03.05.2006)



Sabah ölkə kubokunun yarımfinal oyunları keçiriləcək. Amma yalnız bir finalçının adı məlum olacaq. Belə ki, "X-L" - "Karvan" cütlüyü ilk duelə çıxdığı halda əzəli rəqiblər "Qarabağ" ilə "Neftçi" revanş qarşılaşmasında üz-üzə gəlir. Sonuncu cütlüyün finaldakı rəqibinin adı isə mayın 8-də bilinəcək. XƏZƏR-LƏNKƏRAN KARVAN Bu rəqiblərin qarşılaşmasının artıq prinsipial xarakter daşıdığını söyləmək olar. Çünki "Xəzər-Lənkəran" və "Karvan"ın budəfəki dueli klublar arasında keçirilən 7-ci matç olacaq. Bunadək keçirilən oyunların nəticələrinə nəzər salsaq görərik ki, Cənub təmsilçisi şəxsi oyunlarda nisbi üstünlüyə malikdir. İndiyədək "Karvan" "Xəzər"i cəmi bir dəfə məğlub edə bilib. Bu da hazırkı mövsümə təsadüf edir. "Xəzər-Lənkəran" isə 2 oyunda yevlaxlıları xalsız yola salıb. Digər üç oyun isə sülhlə başa çatıb. Sabahkı oynunun da heç-heçə bitəcəyi ehtimalı xeyli yüksəkdir. Bu arada meydan sahibləri ciddi itkilərlə üzləşib. Belə ki, yarımmüdafiəçi Emin Quliyevlə hücumçu İonel Savu cəza üzündən oyunda iştirak etməyəcək. Kinqsli Atakora ilə Rəşad Kərimovun da oynamayacağı isə əvvəlcədən bəlli idi. "Karvan"a gəldikdə isə Qərb klubu heyət baxımından heç bir problemlə üzləşməyib. QARABAĞ NEFTÇİ İlk oyunda qeydə alınan qolsuz bərabərliyin istər "Qarabağ"a, istərsə də "Neftçi"yə rahat nəfəs dərməyə imkan vermir. Çünki tərəflərin finala çıxmaq şansı demək olar ki, eynidir. Doğma meydan amili ağdamlıların lehinədirsə, əvəzində qollu heç-heçə qonaqlara səfr edir. Oyunöncəsi "Qarabağ"ın düşərgəsində yüksək ab-hava hökm sürür. Belə ki, matçdan bir neçə gün əvvəl Ağdam klubu Xızıya səfər edərək təbiətin qoynunda istirahət edib. Vitse-prezident Tahir Gözəl, icraçı direktor Əmrah Çəlikəl də oyunçularla bir yerdə olub. Burada "Qarabağ"ın üzvləri yaxşıca dincəlməklə yanaşı, ova da çıxıblar. Hədəfi dəqiq nişan alanlar isə Tahir Gözəl tərəfindən mükafatlandırılıb. Heyətlərə gəlincə, "Qarabağ"da mövsümü zədə üzündən başa vuran İrakli Berayanı nəzərə almasaq, itki yoxdur. Son vaxtlar zədə epidemiyasına tuş gələn "Neftçi"nin düşərgəsindən də xoş xəbərlər var. Zədəlilərin hamısı sıraya dönüb və Ağasəlim Mircavadov Suraxanıdakı oyuna döyüşkən heyəti buraxacaq. AFİŞA Ölkə kuboku, 1/2 final 3 may ilk oyun XƏZƏR-LƏNKƏRAN - KARVAN Baş hakim: Vüsal Əliyev (Bakı). Baş hakimin köməkçiləri: Azər Əsgərov, Elman Musayev (hər ikisi Bakı). Dördüncü hakim: Ceyhun Haşımov (Bakı). Hakim-inspektor: Rüstəm Rəhimov (Bakı). AFFA nümayəndəsi: Gündüz Cəfərov (Bakı). Lənkəran. Olimipiya İdman Kompleksinin stadionu. Cavab oyunu QARABAĞ - NEFTÇİ İlk oyun - 0:0 Baş hakim: Fariz Yusifov (Bakı). Baş hakimin köməkçiləri: İlham Əliyev, Ramiz Əsədov (hər ikisi Bakı). Dördüncü hakim: Elçin Məmmədov (Bakı). Hakim-inspektor: Nüvər Xasıyev (Bakı). AFFA nümayəndəsi: Əziz Əliyev (Bakı). Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Qeyd: oyunlar saat 17.00-da başlayır.

Paylaş