"Qarabağ"-"Neftçi" oyunu Suraxanıda keçiriləcək (ÜÇ NÖQTƏ, 03.05.2005)

single-news
3 May 2005

"Qarabağ"-"Neftçi" oyunu Suraxanıda keçiriləcək (ÜÇ NÖQTƏ, 03.05.2005)



ƏZƏLİ RƏQİBLƏRİ PRİNSİPİAL GÖRÜŞ GÖZLƏYİR Bu gün futbol üzrə Azərbaycanın 13-cü milli çempionatında 30-cu turun görüşləri start götürəcək. Turun mərkəzi qarşılaşmasında sabah Suraxanı qəsəbə stadionunda Ağdamın "Qarabağ" klubu lider "Neftçi"ni qəbul edəcək. Məlum olduğu kimi, "Qarabağ" ikinci dövrədə ev oyunlarını "Şəfa" stadionunda keçirsə də, prinsipial oyunun yeri gözlənilmədən dəyişdi. Ağdam komandasının meydan sahibləri rolunda meydana çıxdığı stadionlardan biri Tofiq İsmayılov adına Bakıxanov qəsəbə stadionu hazırda təmirdədir. Bütün bunları nəzərə alan AFFA oyunun Suraxanıda keçirilməsinə qərar verib. Görüş hər iki klub üçün prinsipial xarakter daşıyır. Paytaxt futbolçuları qələbə sayəsində çempionluq şanslarını bir qədər də artıracaqlar. "Qarabağ" üçün isə görüş ikiqat çətin olacaq. Meydan sahibi qismində çıxış edən ağdamlılar qızıl medal qazanmaq üçün ancaq qələbə əldə etməlidir. Hər iki komandanın heyətində ciddi itki yoxdur. "Neftçi"nin heyətində yalnız zədəli Vidadi Rzayev meydana çıxmaq şansına malik deyil. Paytaxt komandasının rəhbərliyi məlum görüşə azarkeş dəstəyi yığmaq üçün bəzi addımlar atıb. "Neftçi"nin "Fan" klubunun ofisinin qarşısında oyunu izləmək üçün iştirak etmək istəyən azarkeşlər üçün pulsuz xüsusi avtobuslar təyin olunub. Mayın 4-də saat 15-də avtobuslar azarkeşləri Suraxanıya aparacaq. Turun digər prinsipial görüşü Tovuzda "Turan"la "İnter" arasında oalcaq. Çempionluq şansını itirməyən hər iki komanda yalnız qələbə üçün meydana çıxacaq. Xüsusilə ölkə kubokundan da kənarda qalan tovuzlular üçün bu görüş daha əhəmiyyətli hesab olunur. Liderlər qrupunda yer alan "Bakı"nı isə öz meydanında MKT "Araz"la çətin görüş gözləyir. Əsgər Abdullayevin yetirmələri liderlərin qəniminə çevrilən imişlilərlə oyunda asan qələbəyə ümid edə bilməz. 30-cu turda aşağıdakı komandalar qarşılaşacaq: 3 may - "Karvan"-"Göyəzən", "Şəmkir"-"Bakılı", "Bakı"-MKT "Araz", "Şahdağ Samur"-"Gənclərbirliyi", "Gəncə"-"Karat"; 4 may - "Turan"-"İnter", "Xəzər-Lənkəran"-"Ədliyə", "Qarabağ"-"Neftçi".

Paylaş