"Qarabağ" oynadı, "Karvan" qazandı (FUTBOL+, 19.09.2005)

single-news
19 Sen 2005

"Qarabağ" oynadı, "Karvan" qazandı (FUTBOL+, 19.09.2005)



Qol: Y.Bamba, 16. Vərəqələr: Q.Trapaidze, 18 (kobud oyun), M.Nəsirov, (cimulyasiya), A.Kərimov, (kobud oyun) - carı. Hakimlər: FARİZ YUSİFOV, Vaqif Ayvazov, Anar Məmmədli (hamısı Bakı), Samir Hüseynov (Gəncə). Hakim-inspektor: Azad Feyzullayev (Bakı). AFFA nümayəndəsi: Rauf Əmirov (Qax). 18 sentyabr. Yevlax. Şəhər stadionu (ehtiyat meydança). 2500 tamaşaçı. Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub. Matçın ilk dəqiqələrindən aydın oldu ki, "Qarabağ" Yevlaxa müdafiədə oturmaq üçün gəlməyib. Bunun bariz nümunəsi kimi qapıya ilk zərbə ağdamlılardan gəldi. Ancaq Sergey Kravçenkonun vuruşu Elxan Həsənov üçün problem yaratmadı. "Karvan"ın cavab həmləsi özünü çox gözlətmədi. Spirin Bambanın zərbəsinə mane olaraq topu küncə çıxardı. Künc zərbəsindən göndərilən topa Fərrux başıyla toxunsa da, dəqiq ola bilmədi. Artıq bundan sonra hamı "Karvan"ın daha təhlükəli olacağını və rəqibi susduracağını yəqin etdi. Hadisələri qabaqlayaraq qeyd edim ki, "Qarabağ" oyunu elə keçirdi ki, elə bil səfərdə oynamır. "Karvan"ı sıxışdıran qonaqlar fərqlənmək üçün fürsət axtarırdılar. Lakin ağdamlıların qorxduğu başına gəldi. Vitali Kovalyov adi epizodda topu əlindən qaçırdı. Qapıçını səhvə məcbur edən Bamba üç metrdən boş qapını nişan aldı. Hesabın açılmasından sonra da "Qarabağ" üstünlüyü əldən vermədi. Sokolovski və Kravçenko "çərçivə"ni atəşə tutsa da, ilk epizodda Elxan, ikincidə isə qapı dirəyi yevlaxlıları qoldan xilas etdi. Bununla belə, meydanda hər iki komandanın ifasında gərgin mübarizənin getdiyini söyləyə bilmərik. Elə bil futbolçular texniki və taktiki bacarıqlarından məhrum olmuşdu. Bu üzdən ilk yarını qalan dəqiqələrində qapılar qarşısında elə də təhlükəli vəziyyət yaranmadı. Fasilədən sonra komandaların daha istəkli oyun sərgiləyəcəyi gözlənilsə də, əksinə oldu. 64-cü dəqiqədə Kovalyov az qala ikinci dəfə kuryoz qola səbəb olacaqdı. Di gəl ki, qapıçı özünü toparlayıb ayaqları arasında qapı xətti üzərində olan topu tuta bildi. 90 dəqiqənin bitiminə az qalmış Vitali ustalığını göstərdi. O Bambanın təhlükəli zərbəsini son anda kənara çıxara bildi. Final fitinə bir dəqiqə qalmış isə İsmayıl Məmmədov 7-8 metrdən qapıya düşə bilmədi. Matçın protokolunu köçürərkən digər qeydlər üçün nəzərdə tutulmuş qrafada Fariz Yusifovun əlavəsi vardı: "Oyundan sonra "Karvan" klubunun vitse-prezidenti Şahmar Vəliyev hakimlər otğına girərək köməkçim Anar Məmmədliyə qarşı özünü qeyri-etik apardı. Məsələə aydınlıq gətirmək üçün Məmmədliyə müraciət etsəm də, hakim bu barədə danışmaq istəmədi. Daha doğrusu, suallar fonunda özünün dolaşdığını görüb, klub rəsmisinin özünü qeyri-etik apardığını söylədi. "Vəliyev sizi söydü, yoxsa vurdu" sualına Anar bəy bu barədə yalnız nizam-intizam komitəsində danışacağını bildirdi". Elxan Abdullayev, "Qarabağ"ın baş məşqçisi: "Bərabər səviyyəli oyun getdi. Bura ən azı bir xal üçün gəlmişdik. Ancaq qapıçımızın kobud səhvi üzündən ondan da olduq". Yunis Hüseynov, "Karvan"ın baş məşqçisi: "Qarabağ" zəif komanda deyil. Bugünkü oyunları bunu bir daha sübut etdi. Qoldan sonra rəqibi əks-hücumda tutmaq istəyirdik. Alınmadı, onlar səhvsiz oynadı. Hakimlikdən narazı qaldım. Futbolçuları xırda follar hesabına oynamağa qoymadı".

Paylaş

// pop up