“Qarabağ” Portuqaliyadan qalib dönür
“Qarabağ” Portuqaliyadan qalib dönür
“Braqa” – “Qarabağ” – 2:4
Simon Banza, 44, Joao Moutinyo, 90+1 (p.) // Marko Yankoviç, 21 (p.), Abdullah Zubir, 54, 69, Olavio Juninyo, 65
“Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib. Komandamız Avropa Liqasının pley-offunda ilk matça çıxıb.
Azərbaycan futbolu tarixində ilk dəfə bu raunda yüksələn “Qarabağ” “Braqa” ilə görüşüb. 1/8 finala vəsiqə uğrunda ilk qarşılaşma Portuqaliyada baş tutub.
Baş məşqçimiz Qurban Qurbanov son matçla müqayisədə start heyətində bir dəyişiklik edib. “11-lik”də yer alan Yassin Benzia Aleksey İsayevi əvəzləyib.
Matç qarşılıqlı hücumlarla başlayıb. Kəşfiyyat xarakterli həmlələr edən tərəflər üstünlüyü ələ almağa çalışsalar da, real qol vəziyyətləri yaratmaqda çətinlik çəkiblər. Portuqaliyalıların önünü inamla kəsən komandamız hissənin ilk yarısında yalnız bir neçə zərbənin endirilməsinə mane ola bilməyib. Həmin zərbələri də Andrey Lunyov zərərsizləşdirib.
Hesab hissənin ortalarında açılıb. Elvin Cəfərquliyevə qarşı kobudluğa görə təyin olunan penaltini Marko Yankoviç dəqiq yerinə yetirib – 1:0. Buraxılan qoldan sonra meydan sahibləri fəallığı artırsalar da, “Qarabağ” rəqibin təşəbbüsü ələ almasına imkan verməyib. Hər iki tərəfin hücumlar qurduğu hissənin sonlarında “Braqa” bərabərlik qoluna imza atıb – 1:1.
İkinci hissə eyni ssenari ilə başlayıb. “Braqa” fasilədən az sonra bir neçə təhlükəli epizod yaratsa da, “Qarabağ”ın hücumları daha yaddaqalan və məhsuldar olub. Öncə Marko Yankoviçin cərimə zərbəsindən sonra topa yiyələnən Abdullar Zubir üz-üzə qaldığı qapıçıya heç bir şans verməyib – 2:1.
Ardınca rəqibin ötürməsinin qarşısını kəsən Marko Yankoviç əlverişli mövqedə olan Olavio Juninyoya ötürmə verib. Onun zərbəsi qarşısıalınmaz olub – 3:1. Rəqib özünə gəlməmiş komandamız fərqi üç topa çatdırıb. Abdullah Zubir görüşdə dublunu rəsmiləşdirib – 4:1.
Matçın taleyini ikinci hissənin ilk yarısında həll edən “Qarabağ” rəqibin topa nəzarəti ələ almasına imkan verməyib. Qarşılıqlı hücumlarla davam edən görüşün uzatma dəqiqələrində meydan sahibləri penalti ilə fərqi iki topa endiriblər. Son saniyələrdə Nəriman Axundzadə də qol vurmaq imkanı əldə etsə də, gənc hücumçu bundan yararlanmayıb. Beləliklə, “Qarabağ” Portuqaliyada 4:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, komandamız növbəti oyununu fevralın 22-də “Braqa”ya qarşı keçirəcək. Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 21:45-də başlayacaq.