"QARABAĞ" QAZAXDAN XALLA DÖNƏ BİLƏCƏKMİ? (ÇEMPİON, 11.03.2005)

single-news
11 Mar 2005

"QARABAĞ" QAZAXDAN XALLA DÖNƏ BİLƏCƏKMİ? (ÇEMPİON, 11.03.2005)



Bu gün və sabah ölkə çempionatının 23-cü turunun səkkiz qarşılaşması keçiriləcək. “Şəfa” çempionatda çıxışını dayandırdığı üçün bu dəfə “Bakı” üç xalı oynamadan qazanacaq. Bu turun özəlliklərindən biri də liderlərin nisbətən zəif klublarla üz-üzə gəlməsidir. Çempionatın lideri “Qarabağ” bu tur səfərə çıxacaq. Doğma meydançada istənilən komandaya başağrısı olan “Göyəzən”ə qarşı oynamaq, yəqin ki, İqor Ponomaryovun yetirmələri üçün asan olmayacaq. Son səkkiz görüşdə uduzmayan ağdamlılar bu uğurlu seriyanı davam etdirmək niyyətindədirlər. “Ev”də “Turan”, “Karvan”, “Xəzər-Lənkəran” və “Bakı” kimi komandalara badalaq vuran “Göyəzən”in daha bir sensasiyanı gerçəkləşdirməyə gücü çatacaqmı? İkinci pillədə gedən “Neftçi” “Bakılı”nın qonağı olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu matça “flaqman” ciddi itkilərlə çıxır. Belə ki, sarı vərəqə limitini aşan Rəşad Sadıqov və Emin Quliyev bu görüşdə iştirak edə bilməyəcəklər. İlk dövrədə rəqibinə 2:0 hesabı ilə qalib gələn “Neftçi” 6 oyunluq məğlubiyyətsizlik seriyasını davam etdirmək əzmindədir. Daha bir məğlubiyyət isə “Bakılı”nın elitada qalmaq şansını bir qədər də azaldacaq. ”Gəncə”ni qəbul edəcək “Karvan” isə daha bir qələbə qazanmaq niyyətindədir. Onsuz da liderlərdən aralı düşən yevlaxlılar üçün istənilən xal itkisi faciə kimi qarşılanmalıdır. Son səkkiz görüşdə (”Şəfa”yla matça görə alınan texniki qələbəni saymasaq) qələbə üzünə həsrət qalan və cəmi üç xal yığa bilən gəncəlilərin xoşagəlməz seriyaya son qoyacağı isə inandırıcı görünmür. ”Şəfa” stadionunda “Şahdağ-Samur”u qəbul edəcək “İnter”in qələbə qazanmaq şansı yüksəkdir. Qusarlılar ilk dövrədə “İnter”i 1:0 hesabı ilə məğlub ediblər. Bu görüşün maraqlı cəhəti məğlubiyyət və qələbə tanınmayan komandaların üz-üzə gəlməsindədir. Belə ki, “İnter” 12 matçdır məğlubiyyət, “Şahdağ-Samur” isə 12 oyundur ki, üç xalın nə demək olduğunu bilmir. Üstəlik, “bankirlər” son altı qarşılaşmada qapılarından top buraxmayıblar. Nəzərə alsaq ki, “İnter” cari mövsümdə “ev”də keçirdiyi 11 görüşdə uduzmayıb, Anatoli Konkovun komandasının bu görüşdə də üç xal qazanacağına inanmaq olar. Bu tur baş tutacaq qərb derbisində “Şəmkir” “Turan”ı qəbul edəcək. Tovuzlular qələbə qazanacaqları təqdirdə turnir cədvəlində irəliləmək şansı qazanacaqlar. Son dörd ev görüşündə məğlub olan Qəhrəman əliyevin yetirmələri liderlərlə keçirdikləri bütün görüşlərdə uduzduqlarından, bu matçda da ənənəni davam etdirəcəkləri proqnozlaşdırılır. Səfərdə “Gənclərbirliyi”nin qonağı olacaq “Xəzər-Lənkəran” da qələbə qazanmağa çalışacaq. İlk dövrədə rəqibini 6:0 hesabı ilə darmadağın edən Rasim Karanın yetirmələri bu görüşdə qələbəyə daha yaxın görünürlər. Lakin sumqayıtlılardan da sürpriz gözləmək olar. Belə ki, sumqayıtlılar ilk dövrədə aldıqları həmin məğlubiyyətin heyfini çıxmaq əzmindədirlər. Doğma meydançada “ədliyyə”ni qəbul edən “MKT-Araz” da meydançanı qələbə ilə tərk etmək niyyətindədir. Son beş səfər görüşündə cəmi bir xal qazanan “ədliyyə”nin nəsə edəcəyi inandırıcı görünmür. Lakin son vaxtlar “MKT-Araz” qeyri-stabil çıxış etdiyindən matçın necə başa çatacağını söyləmək çətindir. Autsayderlərin görüşündə MOİK “Karat”ı qəbul edəcək. Son dörd matçda məğlub olmayan qonaqların bu oyunda azı bir xal qazanacaqlarına inanmaq olar. Ev sahibləri isə qol vurmağın üsullarını hələ də öyrənə bilməyiblər. Ona görə də “hərbçilər”, çətin ki, meydançadan üç xalla ayrılsınlar.

Paylaş

// pop up