"Qarabağ" qələbədən son anda məhrum oldu (525-ci qəzet, 16.11.2006)

single-news
16 Noy 2006

"Qarabağ" qələbədən son anda məhrum oldu (525-ci qəzet, 16.11.2006)



Dünən futbol üzrə milli çempionatın təxirə salınmış bir neçə oyunu baş tutub. Ən maraqlı qarşılaşma Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda "Qarabağ" - "Karvan" arasında keçirilib. Hər iki klub çempionluğa iddialı olduğundan matçın gərgin keçəcəyi şübhəsiz idi. Yevlax klubu son iki turuydu ki, qələbənin nə olduğunu bilmirdi. Ağdam təmsilçisinə gəlincə, bu kollektivin əvvəlki matçda məğlubedilməzliyinə son qoyulmuşdu. FİFA referisi Babək Quliyevin idarə etdiyi dünənki prinsipial oyun gərgin keçib. İlk hissədə hesab açılmayıb. İkinci hissədə "Qarabağ"ın baş məşqçisi Böyükağa Ağayevin heyətdə dəyişiklik etməsi öz bəhrəsini verib. Meydana yenicə çıxan Müşfiq Hüseynov fərqlənib. Lakin oyunun son dəqiqələrində baş hakim Babək Quliyevin Ağdam klubunun qapısına penalti təyin etməsi qarşılaşmanın heç-heçə başa çatmasına gətirib çıxarıb. Yevlax təmsilçisinin qolunu Bəşir Müqədi vurub. "Şahdağ" - "Bakı" matçında autsayderə və çempiona qalibiyyət vacib idi. Amma paytaxtın eyniadlı klubu bu dəfə də xal itirib. Qonaqlar meydan sahiblərinin ciddi müqaviməti ilə üzləşiblər. Gərgin keçən oyunda qalib müəyyənləşməyib - 0:0. "MKT-Araz" - "Turan" matçında favorit birincilər sayılırdı. İmişli klubu 1:0 hesabı ilə qələbə qazanıb. Qeyd edək ki, "Xəzər-Lənkəran" keçirdiyi 10 oyunda 23 xal toplayaraq liderliyi qoruyur. "Karvan" 21 xalla ikinci, "Neftçi" isə 18 xalla üçüncü yeri tutur.

Paylaş