"QARABAĞ" QƏLƏBƏYƏ İNANIR. . .

single-news
15 Sen 2006

"QARABAĞ" QƏLƏBƏYƏ İNANIR. . .



"Qarabağ" Futbol Klubu Ölkə Çempionatının növbəti turu çərçivəsində "Neftçi" PFK ilə keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir. Suraxanı qəsəbə stadionunda məşqlər edən komanda yüngül məşqlər keçərək, taktiki gedişlər üzərində işləyir. Komandanın son məşq prosesində Baş Məşqçi Böyükağa Ağayev ikitərəfli oyunla futbolçularını yoxladı. "Yaşıllar" və "Qırmızılar"a bölünmüş iki heyətdə birincilərdən Ramiz Hüseynovun qoluna Kənan Kərimov iki qolla cavab verərək, formada olduğunu bir daha sübut etdi. Legionerlərdən Slobodan Sladoyeviç və Hakan Dəmirin öz mövqelərində çox dəqiq və diqqətli oynaması da baş məşqçinin razı qaldığı məqamlardan idi... Məşq sonrası Böyükağa Ağayevin fikirləri: "Komandaya kubokda MOİKlə oyundan sonra bir günlük istirahət verdik. Hal-hazırda bir dəfəlik məşqlər edərək, qarşıdakı çox vacib oyuna hazırlaşırıq. Futbolçularımın fiziki durumundan razıyam. Millidəki zədədən zonra, Sokolovun heyətə qayıdışı, Hakan Dəmirin tam gücü ilə hazırlaşması futbolçularım arasında rəqabəti daha da artırır. Bu günkü ikitərəfli oyunda futbolçularımın böyük istəklə, həvəslə oynaması yaxşı haldır. Legionerlərimizin komandaya uyğunlaşma prosesi də arxada qaldığını düşünürəm. Bütün bunlarla yanaşı bəzi problemlərimiz də var ki, yaxın iki gündə bunları da aradan qaldıraraq, "Neftçi" ilə oyundan 3 xalla dönmək fikrindəyik.Həm onlara, həm də bizə çətin oyun olacağını proqnozlaşdırmaq elə də çətin deyil. Bununla yanaşı, futbolçularımın gözəl oyun sərgiləyəcəyinə və qalib ayrılacağına inanıram..."

Paylaş