`Qarabağ` qələbəylə başladı, 3:2. Fotolar

single-news
19 Yan 2013

`Qarabağ` qələbəylə başladı, 3:2. Fotolar



`Qarabağ`ımız Türkiyədəki təlim-məşq toplanışında ilk yoxlama oyununa çıxdı. Rəqib  Rusiya təmsilçisi `Ural` idi.
Oyunun başlaması hava şəraiti səbəbindən qeyri-müəyyən idi. Yağışlı-küləkli hava oyunu başlama saatı olan 19:00-a kimi davam edirdi. Buna baxmayaraq oyun start götürdü. Yarm saat sonra həm yağış, həm də külək dayandı.
`Qarabağ`ımız bu startheyətiylə meydana çıxmışdı: Fərhad Vəliyev, Admir Teli, Rəşad Sadıqov, Maksim Medvedev, Ansi Aqolli, Qara Qarayev, Namiq Yusifov, Əfran İsmayılov, Vüqar Nadirov, Riçard Almeyda, Vaqif Cavadov.
`Qarabağ`ımız oyuna olduqca fəal başladı və ilk  10 dəqiqədə  topu təmamilə özündə saxladı. Bu müddətdə Maksim və Əfranla həmlələr edən komandamız ən real qol şansını Vaqiflə yaxalsa da, hücumun sivri ucunda qərarlaşmış Cavadov təkbətəkdən yararlana bilmədi. Amma gözlənilən qol 28-ci dəqiqədə gəldi. Qara Qarayev cərimə meydançası həndəvərində rəqibini keçərək qapını dəqiq nişan aldı. Az sonra Vüqar da fərqlənməyə borclu olsa da, onun zərbəsi qapıdan azacıq aralı keçdi. Belədə ilk yarı `Qarabağ`ımızın minimal üstünlüyü ilə başa çatdı.
2-ci yarıda `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov heyəti təmamilə dəyişdi: Miro Varvodiç, Bədavi Hüseynov, Eltun Yaqublu, İlqar Qurbanov, Təmkin Xəlilzadə, Hacı Əhmədov, Toğrul Bilallı, Muarem Muarem, Elvin Musazadə, Elnur Abdulov, Manuel Bleda.
İkinci yarıda daha çox gənclərlə oynamağımıza baxmayaraq effektliliyini davam etdirən komandamız çox keçmədən 2-ci dəfə fərqləndi. Muaremin ötürməsiylə qapıçıyla duelə yollanan Toğrul Bilallı şansını qaçırmadı, 2:0.
1 saatın tamamında isə `Qarabağ`ımız hesab arasındakı fərqi 3-ə çatdırdı.  Bu dəfə də Muaremin sol cinahdan ötürməsini  Elvin Musazadə bir toxunuşla tora göndərdi.  Az sonra Qurban müəllim 17 yaşlı Tral Rzayevi də meydana buraxdı. 
Oyunun sonuna yaxın Rusiya təmsilçisi 2 dəfə fərqlənsə də, bu `Qarabağ`ımızın 2013-də ilk qələbəsini əngəlləmədi.
Qeyd edək ki, komandamızda xəstəlik və zədə səbəbindən Zaur Həşimov, Kristian Torres, Tural İsgəndərov forma geyinmədi.
`Qarabağ` - `Ural` görüşündən fotolar FOTOQALEREYA bölümündə...

http://qarabagh.com/1987/?name=photoview&phid=456&lang=1#

Paylaş

// pop up