“Qarabağ” “quru” məğlubiyyətlərə son qoydu (apasport.az)

single-news
9 Noy 2009

“Qarabağ” “quru” məğlubiyyətlərə son qoydu (apasport.az)



Azərbaycan Premyer Liqasının hesabat turunda “İnter”ə 1:2 hesabı ilə uduzan Ağdamın “Qarabağ” klubu 15 aylıq ənənəyə son qoyub. Apasport.az-ın klubun rəsmi internet saytına istinadən məlumatına görə, ağdamlılar son 1 il 3 ayda ilk dəfə qol vurduğu qarşılaşmadan xalsız ayrılıb.

Belə ki, bu müddətdə “Qarabağ”ın bütün məğlubiyyətləri quru hesabla olurdu. Bu dəfə isə bakılıların 2 qolundan sonra yeni klubunda qol hesabını açan Rəşad Sadiqov yalnız təsəlli topunu vurdu. Lakin yarımmüdafiəçinin qolu komandasına xal qazandıra bilmədi.

Ağdam təmsilçisi sonuncu dəfə 15 ay əvvəl - ötən il avqustun 23-də, 3-cü turda “Standard”la səfərdə qarşılaşmada qol vurub uduzmuşdu.

Maraqlıdır ki, həmin görüş də “Şəfa” stadionunda baş tutmuş, Qurban Qurbanovun yetirmələri indi olduğu kimi 2:0 geriyə düşdükdən sonra məhz 87-ci dəqiqədə Nidal Ferhatoviçin sayəsində təsəlli tapmışdı.

“Qarabağ” əvvəllər də bu ənənəyə sadiq olub. 2008/09 mövsümündə “Standard”la oyunda qırılan ənənəyə 2007/2008-də tam əməl olunub. Ona qədər isə növbəti 15 ay gözləmək lazım gəlib. Çünki sonuncu dəfə 2006/2007 mövsümün 2-ci dövrəsində, mayın 7-də Suraxanı qəsəbə stadionunda baş tutmuş “Xəzər-Lənkəran”la matcda “Qarabağ” qol vursa da, xal əldə etməmişdi. Həmin oyunda Kənan Kərimov hesabı açsa da, sonda 4:1 hesabına lənkəranlılar sevinmişdi.

Paylaş

// pop up