"QARABAĞ" RƏHBƏRLİYİNƏ SƏRT TƏLƏB (HET TRIK, 14.10.2005)
14 Okt 2005
"QARABAĞ" RƏHBƏRLİYİNƏ SƏRT TƏLƏB (HET TRIK, 14.10.2005)
"Qarabağ"da hər şey öz axarıyla gedir. İlk baxışdan belədir…
Hərçənd Elxan Abdullayevli günlərini yaşayan komanda indi də mətbuatın diqqət mərkəzində qalmaqdadır. Digər iddialı komandaların kölgəsində qalmayan kollektiv sakit, gözdən uzaq ada əhlini xatırladır. Amma əslində reallıq bunun tam əksini göstərir.
Hələ İqor Ponomaryovun dönəmində başlayan daxili çəkişmə bu gün də davam etməkdədir. Lakin fərq hazırkı gərginliyin "görünməyən əl"lə daha üst səviyyəyə qalxmasındadır. Abdullayevin tutduğu postdan kənarlaşdırılmasını istəyən ağdamlı azarkeşlər də artıq rəhbərlikdən kəskin şəkildə narazı olduqlarını gizlətmirlər. Münasibətlərin soyuması, klubun prezidenti Abdulbari Gözəlin fanatlarla görüşmək istəməsisindən də hiss olunur. Bir ay öncə onları qəbul edəcəyini və komandanın problemini birgə araşdıracağını vəd verən başqan indi deyəsən, bu fikirindən daşınıb. Abdulbari bəylə buna qədərki bütün görüşlərdə iştirak edən "Qarabağ Müharibəsi Şəhidləri və Əlillərinin Veteranlar Birliyi"nin sədri Yaşar Məhərrəmovsa, azarkeşlərin səbr kasasının daşdığını deyir.
"AZƏRSUN HOLDİNQ"
"QARABAĞ"IN İNKİŞAFINDA MARAQLI DEYİL?!
- Bizi aldadırlar. Azərkeşlərin fikrini yayındırırlar ki, guya komandaya pul xərcləyirlər. Qətiyyən belə deyil. "Qarabağ"ın sponsoru olan "Azərsun Holdinq" klubun inkişaf etməsi marağını güdmür. Yəni şirkətin "Qarabağ"ı maliyyələşdirməsi kimlərinsə şəxsi maraqları üçündür. Hansısa futboldan bixəbər insanlar yığışıb burda oyunları satmaqla məşğuldur.
GÖZƏL VERDİYİ SÖZÜ TUTMADI?!
- Komanda rəhbərliyini bundan xəbərdar etmisiz?
- Abdulbari Gözəllə bu məsələlər ətrafında bir neçə söhbətimiz olub. "Qarabağ"sevərlər mövcud vəziyyəti ona danışıb. Demişik ki, klubda böyük islahatların aparılması vacibdir. Əks halda komanda uçuruma gedəcək. Bunun baş verməməsi üçünsə ilk növbədə bəzi rəsmilər iş başından getməlidir. Baş məşqçi də dəyişməlidir. Elbrus Abbasov "Qarabağ"a qaytarılmalıdır. Çünki o bu klub üçün çox şeydən keçib. "Qarabağ"ın son ölkə çempionluğu Abbasovun adıyla bağlıdır. Amma komandada onu gözü götürməyənlər, zəhmətini yerə vurmaq istəyənlər var. Mən özüm sonuncü dəfə Abdulbarı bəylə görüşəndə Elbrus müəllim də yanımdaydı. Birgə xeyli danışıqlarımız oldu. Prezidenti başa saldıq ki, kollektivi mövcud böhrandan çıxarmağı düşünürsə, Abbasov baş məşqçi təyin olunmalıdır. O da dedi ki, telefon nömrənizi qoyun, mən özüm sizlə əlaqə saxlayacam. Bu, bir-iki ayın söhbətidir. Amma odur-budur, hələ ki Gözəldən xəbər ylxdur. Verdiyi sözü tutmadı.
- Yaxınlarda növbəti dəfə onunla görüşməliydiz. Lakin alınmadı. Bunun səbəbini öyrənmisiz?
- Abdulbari bəyin niyə belə etdiyi bizə də qaranlıqdır. Axır vaxtlar buralarda az-az görünür. Tez-tez Türkiyədə, Amerikada olduğunu eşidirik. Doğru-dürüst məlumat verən yoxdur ki, bilək nə var, nə yox.
"QARABAĞ"I "AZƏRSUN"DAN ALACAQLAR?!
- Klubun vitse-prezidenti Tahir Gözəl prezidentin oğludur. Onunla necə, bu məsələlər ətrafında danışıqlarınız olub?
- Bəli. Elə bu günlərdə görüşmüşük. Tahir bəy özünü mənimlə görüşdə futboldan xəbəri olmayan bir şəxs kimi təqdim etdi. O dedi ki, bu sahə haqda təsəvvürü geniş deyil, futbolda müəyyən şeyləri bizdən öyrənmək istəyir. O həm də Abbasovun "Qarabağ"da işləyib-işləyə biləcəyiylə maraqlandı. Bildirdim ki, əgər siz və ya Abdulbari bəyin digər yaxın ətrafı futbolda da irəli getməyi düşünrsə, mütləq Elbrus Abbasovu baş məşqçi vəzifəsinə gətirməlisiz. Bunda təkid elədim. Vitse-prezidlentə də "Qarabağ" fanatları adından vaxt verdim ki, oturub fikirləşsinlər. Özlərinə də söyləmişəm, əgər verəcəkləri qərar azarkeşlərin tələbi ilə üst-üstə düşməsə, komandanı baykot edəcəyik. "Qarabağ"ı "Azərsun"dan alacağıq. Komandanın bundan sonrakı oyunlarda da meydana çıxmasına imkan verməyəcəyik.
"QARABAĞ" YAD
ADAMLARIN
ƏLLƏRİNDƏDİR?!
- Məndə olan məlumata görə, fanatlar həm də əsli rus olan futbolçuların "Qarabağ"da oynamasına qarşıdır.
- Başqa cür ola bilməz. "Qarabağ" milli komandadır. Burada əcnəbilər deyil, özümüzünkülər oynamalıdır. Bu gün Dağlıq Qarabağda olan ermənilər "Qarabağ" adıyla beynəlxalq miqyasa çıxır, biz isə durub buna tamaşa edirik. "Qarabağ" açıq deyirəm, yad adamların əllərindədir. Biz azarkeşlər klubu geri alıb qarabağlılaşdırmaq istəyirik. Komanda üçün can qoymuş əsl qarabağlılar qalıb kənarda, kimlərisə gətirib iş verirlər. Belə olmaz.
- Mən bilən rəhbərlik Elbrus Abbasovu hələ üç-dörd həftə öncə baş məşqçi postuna gətirməliydi. Sizcə, bu proses niyə gecikir?
- Bu təyinat verilməlidir. Çünki Abdulbari bəyin başqa çıxış yolu qalmayıb. Və biz də geriyə addım atmayacağıq. Öldü var, döndü yoxdu.
- Belə başa düşdüm ki, fanatlar istənilən halda Elxan Abdullayevin fəaliyyətindən razı qalmayacaq. Düzdü?
- Burda söhbət Elxandan getmir. "Qarabağ" onu əvvəlki şöhrətinə qaytara biləcək mütəxəssisin gəlişini gözləyir. Həmin şəxs Elbrus müəllimdir. Bunu Albduları bəy də, elə Abdullayevin özü də başa düşməlidir. Abbasova şərait yaradılmalıdır ki, kollektivi böhrandan çıxartsın.
- Bu, nə dərəcədə inandırıcıdır ki, rəhbərlik belə dar macalda ona güvənəcək?
- Özləri bilər. Yenə deyirəm, fanatların istəyi yerinə yetirilməsə, "Qarabağ"s növbəti çempionat oyununda meydana çıxmağa qoymayacağıq. Böyük bir rezonans yaradacağıq.
Mən indiyədək belə fikirləşirdim ki, Abdulbari bəy pulu futbolun inkişafı naminə xərcləyir. Amma artıq başa düşmüşük ki, bu, belə deyil. Belə çıxır ki, şirkət rəhbərliyi futbol, "Qarabağ" adıyla pul yuyur. Yəni bir cibindəki pulu çıxarıb, digər əliylə o biri cibinə qoyur. Sponsorlar bizi xam bilir. Ona görə də qarabağlıları saymırlar.
- Söhbət gəzir ki, Gözəl bəylə son görüşünüzdə fanatlara AFFA-nın qərargahında piket keçirməyi məsləhət görüb. Komandanın tərəfdarları gedib "Qarabağ"a olan hakim təzyiqlərindən narazılığını bildirməliydi.
- O belə bir söz deməyib. Bu söhbət Ponomaryovla bağlıdır. Gözəl bəy bizə deyirdi ki, onu komandaya AFFA baş məşqçi qoyub. Onun sözlərinə görə AFFA Ponomaryovun baş məşqçi olması üçün onlara təkid edib, müəyyən təzyiqlərə əl atıb. Amma mən sonradan araşdırdım ki, məsələ başqa cürdür. Belə danışmaqla Gözəl bəy sadəcə vaxt udmaq istəyirdi. Dünən "Azərsun"un rəhbərlərindən Tahir Şərənfillə görüşmüşük. Elbrus müəllimi də dəvət etmişdilər. Komandaya keçidi müzakirə olundu. Son qərar yaxın iki günə verilməlidir. Hər halda bu proseslərin də bir sonu, nəticəsi olmalıdır.