“Qarabağ” “Rubin”i də arxada qoydu (apasport.az)
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
“Qarabağ” “Rubin”i də arxada qoydu (apasport.az)
Avropanın ən güclü futbol klublarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu statistika portallarından olan “infobank” son 365 gün üçün nəzərdə tutulan reytinq siyahısını yeniləyib. Hər həftə yenilənən sıralamada Avropanın ən yaxşı 420 klubu yer alıb. Azərbaycan bu cədvəldə 7 komanda ilə təmsil olunub.
Əksər reytinq siyahılarında olduğu kimi, bu cədvəldə də ən yaxşı komandamız “Qarabağ”dır. Ağdam təmsilçisi 87-ci pillədə qərarlaşıb. Onlar 88-ci olan “Rubin” (Rusiya), 98-ci olan “Trabzonspor” (Türkiyə) və 100-cü olan “Latsio” (İtaliya) kimi klubları arxada qoyub.
Digər təmsilçilərimizdən “Xəzər Lənkəran” 132, “Neftçi” 180-cidir. İlk “altılıq” da mübarizə aparan digər 3 komandamız 3-cü “100-lük”dədir. “Bakı” 218, “İnter” 224, AZAL isə 238-ci pillədə yer alıb. Hələ də ötən mövsümün bəhrəsini görən “Simurq” 405-ci sırada yer alıb.
Siyahıya Pireney klubları başçılıq edir. İspaniya təmsilçiləri “Real” 1-ci, “Barselona” 2-ci, “Vilyarreal” isə 4-cü pillədədir. 3-cü yerdə isə Portuqaliyanın “Porto klubu qərarlaşıb.