Qarabağ” Şakirinin ardından Mario Jardelin transferi üçün “qollarını çırmaladı” (23.06.08 Champion)
Qarabağ” Şakirinin ardından Mario Jardelin transferi üçün “qollarını çırmaladı” (23.06.08 Champion)
Makedoniyanın canlı əfsanəsi Artim Şakiri ilə müqavilə bağlayan “Qarabağ”, deyəsən, daha tanınmış bir simanı ölkəmizə gətirməyi planlaşdırır. Belə ki, klub rəhbərliyi bir müddət Türkiyənin “Qalatasaray” klubunun şərəfini qorumuş Mario Jardeli transfer etmək üçün hərəkətə başlayıb. Hətta Premyer Liqa kollektivinin braziliyalı oyunçuya görə 500 min avro təklif etdiyi də bildirilir. Sonuncu dəfə Avstraliya çempionatında - “Nyukasl Jets” komandasında çıxış edən “Super Mario” hazırda klubsuzdur. Bunu nəzərə alan “Qarabağ” rəhbərliyi futbolçu ilə danışıqlara başlayıb. Məsələ ilə bağlı Ağdam təmsilçisinin icraçı direktoru ämrah çəlikəllə əlaqə saxladıq. ämrah bəy Jardellə əlaqə saxladıqlarını gizlətmədi: “Gələn mövsüm çempionluq uğrunda mübarizə aparacağıq. Ona görə də heyətə bir neçə güclü legioner dəvət etməyi planlaşdırırıq. O ki qaldı Jardelə, onunla maraqlandığımız və əlaqə saxladığımız doğru informasiyadır. Ancaq 34 yaşlı forvarda görə 500 min avro təklif etməyimiz məsələsi barədə danışmaq istəmirəm. Hər şeyə yaxın günlərdə aydınlıq gələcək”. Daha sonra Jardelin transferi ilə bağlı “Qarabağ”ın türkiyəli çalışdırıcısı Rasim Kara ilə əlaqə saxladıq. Ancaq Karanın fikirləri icraçı direktorun sözləri ilə üst-üstə düşmədi: “Menecerlər Mario Jardeli bizə təklif etmişdilər. Ancaq biz artıq onu almaq istəmirik. Bəzi məsələlərdə onunla ortaq məxrəcə gələ bilməməyimiz sonda bu yolu tutmağımıza gətirib çıxardı”. Maraqlıdır, görəsən, Rasim Karanın, yoxsa ämrah çəlikəlin sözləri doğru çıxacaq? Hər halda dünyanın bir neçə mətbuat orqanının xəbərlərinə inansaq, Mario Jardelin yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir.
Mario Jardel Almeyda Ribeyro 1973-cü il sentyabrın 18-də Braziliyanın Fortaleza şəhərində dünayaya göz açıb. Peşəkar futbolçu karyerasına 1990-cı ildə “Vasko da Qama”da başlayan Jardel 1995-ci ildə “Qremio”nun heyətində “Libertodores” kubokunu qazanıb. Bir il sonra “Porto”ya transfer olunan hücumçu 1996-2000 mövsümləri ərzində Portuqaliya kollektivinin heyətində 125 oyunda 130 qol vurub. 2000-ci ildə 16 milyon dollar qarşılığında “Qalatasaray”a keçən forvard karyerasının ən gözəl çağlarını Türkiyədə keçirib. “Cimbom”un heyətində 43 oyuna 34 qol vuran Mario, xüsusilə, UEFA Superkubokunun finalında Madridin “Real” klubuna vurduğu qollarla komandasının qələbəsinə öz töhfəsini vermişdi. 2001-2003 mövsümünü “Sportinq”də keçirən sambaçı daha sonra “Ankona” (İtaliya), “Bolton” (İngiltərə), “Nyuelz Old Boyz” (Argentina), “Alaves” (İspaniya), “Qoyas” (Braziliya), “Beyra Mar” (Portuqaliya), “Anortosis” (Kipr), “Nyukasl Jets” (Avstraliya) klublarında çıxış edib. 1996-2001-ci illərdə Braziliya milli komandasının şərəfini qorumuş Jardel 7 oyunda meydançaya çıxıb və bir dəfə rəqib qapısına yol tapıb.