"Qarabağ" Samir Musayevə görə 35 min dollar istəyir(FUTBOL+, 25.06.2005)

single-news
25 İyn 2005

"Qarabağ" Samir Musayevə görə 35 min dollar istəyir(FUTBOL+, 25.06.2005)



Mövsüm bitincə aparıcı futbolçularını itirən "Qarabağ"da "yarpaq tökümü" davam edir. Vadim Vasilyevlə Vüqar Nadirovun ardından ağdamlıların digər hücumçusu Samir Musayev də yol ayrıcındadı. İstirahət dönəmini Gürcüstanda keçirən forvard iki gün öncə Bakıya qayıtsa da, ətrafında transfer xəbərləri çoxalmaqdadı. Dünən Musayevin özüylə əlaqə saxladıqda "Neftçi", "Bakı" və "İnter"lə danışıq apardığını dəqiqləşdirdik. Xüsusilə son iki komanda Samiri sıralarına qatmaq üçün canfəşanlıq edir. Amma transferin gerçəkləşməsini futbolçunun "Qarabağ"la birillik müqaviləsinin olması əngəlləyə bilər. Artıq rəhbərlik Samirin xitmətində maraqlı tərəflərə konkret qiymət də açıqlayıb - 35 min dollar. Səbəbkar isə məbləği azaltmaq üçün klub prezidentiylə görüşmək istəyir. Amma sən demə, "Qarabağ"ın digər rəsmiləri futcolçuya bu imkanı yaratmaq fikrindən uzaqdı. Ümidini itirməyən Musayevə inansaq, "İnter" rəhbərliyi onun keçidinə görə ağdamlılara onların istədiyi məbləği ödəməyə hazırdı. "Neftçi"ylə "Bakı"nın da Samiri sıralarında görmək istədiyini qeyd edək.

Paylaş