"QARABAĞ" "ŞEYTANIN QIÇINI QIRDI" (ayna, 03.08.2006)

single-news
3 Avq 2006

"QARABAĞ" "ŞEYTANIN QIÇINI QIRDI" (ayna, 03.08.2006)



Böyükağa Ağayev: "Futbolçuları psixoloji gərginlikdən çıxara bildik" Moldova klubu "Zimbru"ya məğlub olaraq UEFA Kubokunda mübarizəni elə ilk mərhələdəcə başa vuran "Qarabağ" bir neçə gündən sonra startı veriləcək XV ölkə çempionatının hazırlığına axır ki, başlayıb. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda gündə bir dəfə məşq edən komanda əsasən yüngül məşqlə kifayətlənir. Zədəli olan Sergey Sokolov yalnız qaçışla kifayətləndiyi halda, Hakan Dəmir və Azər Məmmədov dünəndən hazırlığa start veriblər. Ötən çempionatın ikinci dövrəsində "Olimpik"lə qarşılaşmada zədələnərək 6 aylıq müddətə sıradan çıxan İrakli Beraya isə artıq tam gücü ilə məşq edir. Gürcü futbolçunun ölkə birinciliyində var qüvvəsi ilə komandasına kömək edəcəyi gözlənilir. Məşqlərdə futbolçunun böyük istəklə hazırlaşması çalışdırıcıları sevindirir. Bundan başqa, Mübariz Orucov da komanda ilə hazırlığa qoşulub. Komandanın son durumu barədə Ağdam klubunun baş məşqçisi Böyükağa Ağayev "Qarabağ"ın internet saytına açıqlama verib: "UEFA Kubokunda "Zimbru"ya qarşı oyundan sonra uşaqlarda ən əsası psixoloji vəziyyət qənaətbəxş deyildi. İlk məqsədimiz bu durumdan onları çıxarmaq idi ki, buna günü-gündən nail olduğumuzu deyə bilərəm. İndi bütün gücümüzü çempionatın hazırlığına yönəltmişik. Futbolçular da bunu dərk edirlər. Hazırda zədəlilərimiz getdikcə komanda ilə məşqlərə başlayırlar. İlk turda "Karvan"la qarşılaşmanın təxirə salınması səbəbindən çempionata avqustun 10-da "Şahdağ"a qarşı oyunla başlayacağıq. İnanıram ki, bu günə qədər bütün zədə problemləri həll olunacaq və biz optimal heyətlə çempionata start verəcəyik".

Paylaş