“Qarabağ” taktikasını dəyişir (futbol+, 31.07.2006)

single-news
31 İyl 2006

“Qarabağ” taktikasını dəyişir (futbol+, 31.07.2006)



Çəlikəl: “Ağayevin xalqımızdan üzr istəməsi təqdirəlayiq haldı” “Qarabağ” “Zimbru”nun qarşısında “silah”ını yerə qoyandan sonra bu acı məğlubiyyətə klub başbilənlərindən heç kimin reaksiyasını öyrənə bilməmişdik. Dünən “Qarabağ”ın rəsmi saytına baxanda klubun baş direktoru Əmrah Çəlikəlin UEFA kubokundakı yenilgi və gələcək planlarla bağlı fikirlərinin yer aldığını gördük. Maraqlı olacağını nəzərə alıb həmin müsahibəni diqqətinizə çatdırırıq. - Heç kimin gözləmədiyi halda “Qarabağ” “Zimbru” səddini aşa bilmədi. Sizcə səbəb nə oldu? - Klubumuzun rəhbərliyi əlindən gələn hər şeyi edərək “Zimbru”yla oyunda ən yüksək səviyyədə təşkilatçılıq işləri görməyə, komandaya lazım olan hər bir şəraiti yaratmağa çalışdı. Amma biz məğlub olduq. Deməli, hardasa, səhvlərə, çatışmazlıqlara yol vermişik. Bütün bu çatışmazlıqları aradan qaldırmaq üçün bundan sonra daha böyük səylə çalışacağıq. - Dediyiniz çatışmazlıqlar hansılardı? - Ən böyük çatışmazlıq elə qalib gələ bilməməyimizdi. Biz bu oyunu uduzmasaydıq, içərimizdə olan əskikləri görə bilməzdik. Bu qədər azarkeş dəstəyinin olması ilə komandamız bir ilkə imza atdı. Hamı “Qarabağ”ı dəstəkləmək üçün “Şəfa”ya axışmışdı. Amma heyf ki, komandamız vacib olan qələbəni qazanmadı. Azarkeşlərimiz stadiona gəlməklə sanki komandadan məğlubiyyətin səbəbini soruşdu. Bütün bunların üzərində işləyib “Qarabağ”ı daha da inkişaf etdirməliyik. - Matçdan sonra keçirilən mətbuat konfransında baş məşqçi Böyükağa Ağayev də problemlərin bolluğundan şikayətlənmişdi... - Heyətdə zədəli futbolçuların olması baxımından problemlər var idi. Bu problemlər oyuna da sirayət etdi. Əsas heyətin beş üzvünün meydana çıxmaması sözünü dedi. Bu futbolçulardan üçünün “Turan”la yoxlama matçında zədələnməsi onların vacib oyuna çıxmasını əngəllədi. Bütün bunlara görə Böyükağa müəllimin xalqımızdan üzr istəməsi təqdirəlayiq haldı. - Gələcək planlarınız necədi? - Klub prezidenti və vitse-prezidentin göstərişi ilə dünya standartlarına cavab verən texnologiyanı Bakıya gətirməyi planlaşdırmışıq. Dünya, Türkiyə təcrübəsini əsas götürərək onların futbolçularla iş prinsipini komandamızda tətbiq edəcəyik. Onların bədənində gedən prosesləri hər an öyrənəcək, buna uyğun addım atacağıq. Futbolçunun fiziki hazırlığının yüksək olması üçün əlimizdən gələn hər şeyi edəcəyik. Onları yemək, su və digər təlabatları daim nəzarətimiz altında olacaq. - Yəni futbolçular üzərində xüsusi idarəetmə mexanizmi tətbiq olunacaq? - Biz texniki təchizatla yanaşı xüsusi, bu işlərdə təcrübəsi olan qrupa da etimad göstərəcəyik. Bununla da məşqçilərin işinə müdaxilə etməmək şərtiylə hər futbolçunun gündəlik durumuna nəzarət edəcəyik. Məşqçilərdən isə vaxtı-vaxtında açıqlamalar istəyəcəyik. Bununla da rəhbərlik bütün işlərdə fəal rol oynayacaq. Bir məqamı da qeyd etmək istəyirəm, rəhbərlik olaraq biz aparıcı klubların idarəetmə sistemini daha yaxından öyrənəcəyik, təhsil alacaq, onların iş təcrübəsindən daha çox faydalanmağa çalışacağıq. - Bütün bunların komandaya nə kimi müsbət təsiri olacaq? - Keçən illə müqayisədə bu il “Qarabağ” müsbət mənada çox fərqləndi. Bütün bu işlər isə qarşıdakı il üçün hesablanıb. Biz gələn il UEFA kubokuna gedəcək “Qarabağ”ın daha da inkişaf etməsinə çalışacaq, bu yöndə qüvvələrimizi səfərbər edəcəyik. Qısası, növbəti il “Qarabağ”ın əsas məqsədi fəal idarəetmə olacaq. İnkişaf etmiş klubların yararlandığı bu təcrübənin bizim üçün də faydalı olacağını düşünürük. Çəlikəlin dediklərindən daha çox bir şey diqqət çəkir: klub rəhbərliyi bundan sonra futbolçuları, məşqçiləri öz başına buraxmaq fikrində deyil. Çox güman ki, rəhbərlik bu fikrə komandanın bir neçə aparıcı üzvünün “Turan”la yoxlama oyununda sıradan çıxmasından və bu üzdən “Zimbru”yla qarşılaşmanı buraxmalarından sonra gəlib. Başqa sözlə, klub başbilənləri bir də belə halın təkrarlanmaması üçün adı çəkilən oyunçuların zədələnməsində az rolu olmayan Ağayevin işlərinə müdaxilə etməli olacaq. Yeri gəlmişkən, Azər Məmmədovun, Sergey Sokolovun və İrakli Bereyanın “Turan”la oyunda zədələnməsi həqiqət olsa da, onların heç də sırf mübarizə epizodunda sıradan çıxmadığı da söylənilir. Deyilənlərə görə hər üç futbolçu əzələsini dartdığından “Zimbru”ya qarşı forma geyib. Və bu da deyilir ki, Sokolov iynə hesabına olsa da, iyulun 27-də meydana çıxa bilərmiş. Amma Ağayev qarşıda çempionat matçları olduğunu deyərək buna icazə verməyib. Ağdamlılarla bağlı sual doğuran bir məqam da, bu komandanın sabiq futbolçusu Azər Cabbarovun özünə yeni klub tapa bilməməsidi. Bildiyimizə görə, “Qarabağ” rəhbərliyi ilə Azərin düşərgəsində olduğu “Gilan”ın başbilənləri arasında hansısa anlaşılmazlıq var. Amma bu problemin tezliklə həll olunacağı, Cabbarovun “Gilan”da forma geyəcəyi də söylənilir. Sonda “Qarabağ”ın çempionata hazırlığını bərpa etdiyini və məşqlərini Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçdiyini deyək.

Paylaş