"Qarabağ" Tuayevə tapşırılacaq? (FUTBOL+, 15.12.2005)
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
15 Dek 2005
"Qarabağ" Tuayevə tapşırılacaq? (FUTBOL+, 15.12.2005)
Deyirlər qışda hər şey yuxuya gedir. Amma bu deyimin klublara aidiyyatı yoxdu. Çempionatda fasilə qış aylarına düşdüyündən klublarımızın "oyanış dövrü" başlayır.
İlk oyanansa deyəsən, "Qarabağ"dı. Cari mövsümdə uğursuz çıxış edən Ağdam klubu dəyişiklik etmək üçün lap başdan yapışıb, yəni baş məşqçi postundan. Ötən mövsümlə müqayisədə çox geriləyən komandanın hazırki çalışdırıcısı Elxan Abdullayevi Kazbek Tuayevlə əvəzləyəcəyi deyilir. Eşitdiklərimizin nə dərəcədə düz olmasını aydınlaşdırmaq üçün ilk növbədə Elxan bəyin özünə müraciət etdik: "Bunu hardan eşitmisiz? Mən də bilirəm, guya Tuayev "Qarabağ"ın baş məşqçisi olacaq. Klubla birillik müqaviləm var. Birinci dövrə başa çatanda müqaviləmin də vaxtı bitəcək. Rəhbərlik qalmağımı istəsə, qalıb işləyəcəm. İndi nə deyə bilərəm?"
"Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl isə Abdullayevin taleyinə tam aydınlıq gəlmədiyini bildirdi.
- Hələ heç nə məlum deyil. Ona görə də indidən açıqlama verə bilmərəm. Təbii ki, bir klub rəsmisi kimi komandamızın indiki durumundan razı deyiləm. Amma komandanı yenidən formalaşdırmaq lazım gəldi. Elxan bəyin başçılığı ilə bunu həyata keçiririk.
- Ancaq eşitdiymizə görə, fasilədə Abdullayevin yerinə Tuayevi gətirmək istəyirsiz.
-Heç nə bəlli deyil.Mənim bu məsələ haqda danışmağa səlahiyyətim yoxdur. Kimin baş məşqçi olmasıni klub prezidenti müəyyənləşdirir.
-Fasilədə yeni oyunçular gətirməklə komandanızı gücləndirməyi planlaşdırmısınız?
-Bəli, birinci dövrə başa çatdıqdan sonra bütün bu məsələlərə aydınlıq gələcək.
Tuayevin özündən də bu məsələylə bağlı fikirlərini öyrənmək pis olmazdı. Amma Moskvada müalicə olunan mütəxəssislə danışmaq istəyimiz baş tutmadı. Yeri gəlmişkən, "Qarabağ"ın fasilədə təlim-məşq toplanışı keçmək üçün Antalyaya planlaşdırdığını da deyək.