"Qarabağ" Türkiyədən mütəxəssis gətirə bilər (futbol+, 02.12.2006)
2 Dek 2006
"Qarabağ" Türkiyədən mütəxəssis gətirə bilər (futbol+, 02.12.2006)
Ağayev komandasının şansının tükənmədiyini düşünür
Zirvəyə çıxmaq orda qalmaqdan asandı deyənlər, necə də düz deyib. "Qarabağ"ın ötən mövsüm ölkə kubokunu qazanandan sonra bu il daha iddialı olacağını düşünməkdə haqlı idik. Amma Ağdam klubu zirvəyə çıxdığı kimi orda qalmağı bacarmadı. Bəlkə də bu fikri vaxtsız dilə gətirdik. Axı "Qarabağ"ın öz meydanında 1:2 hesabıyla uduzduğu "Neftçi"ylə cavab qarşılaşması da var. Ancaq kim nə deyir desin, "ağ-qaralar"ın o cür sərfəli hesabı qoruya bilməməsi möcüzədən də artıq olar.
Ağdamlıların ölkə kubokunda olduğu kimi çempionatda işləri yaxşı getmir. Komanda hazırda turnir cədvəlinin ortalarında qərarlaşıb ki, liderlərlə aradakı xal fərqini "əritmək" çox çətindi. Amma "Qarabağ"ın baş məşqçisi Böyükağa Ağayev heç də belə düşünmür. Dünən təsadüfi hallarda mətbuata müsahibə verən təcrübəli mütəxəssislə qısa çəkən söhbətdə bəzi suallarımıza cavab almağa çalışdıq. Ağayevdən ilk öncə fasilədə heyətdə nə kimi dəyişikliklər olacağını soruşduq: "Əlbəttə, müəyyən dəyişikliklər olacaq, komandaya yeni futbolçular çağırılacaq. Amma indidən deyə bilmərəm ki, yeni futbolçuların çoxu yerli, yoxsa əcənəbilər olacaq. Yerli futbolçuların əksərinin klublarıyla müqaviləsi var. Onların bir çoxunun müqavilə müddəti yəqin ki, ən tezi yayda qurtaracaq. Görək də, boşda qalan, klubuyla müqaviləsi daha tez başa çatan oyunçularla anlaşmaq olar".
Böyükağa bəydən "Qarabağ"ı tərk edəcək futbolçular barədə də soruşduq. Amma Ağayev hələ ki, bu haqda düşünmədiklərini bildirdi: "Komandamızı hansı futbolçuların tərk edəcəyini indidən deyə bilmərəm. Hələ ki, birinci dövrə başa çatmayıb. Fasilədə yəqin ki, bu haqda fikirləşəcəyik və qərar verəcəyik".
O ki qaldı "Qarabağ"ın cari çempionatda iddiasının tükənməsinə, yuxarıda qeyd etdiyimiz kimi, baş məşqçi bu fikirlə razılaşmır: "Birinci dövrənin başa çatmasına bir tur qalıb. Çempionatda 13 komanda iştirak edir. Bu isə ikinci dövrədə on iki çempionat oyunu deməkdi. Belədə necə demək olar ki, bizim üçün hər şey bitib. "Qarabağ"ın həmişə bir hədəfi olub: yüksək yerlər uğrunda oynamaq. İndi də bu məqsəd uğrunda mübarizə aparırıq".
Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəl bugünlərdə Türkiyəyə səfərə yollanıb. Deyilənlərə görə, klub rəsmisi orda "Qarabağ"a gərəkli olan bəzi işləri həyata keçirəcək. Daha da dəqiq desək, Çəlikəlin komandaya fiziki hazırlıq üzrə mütəxəssislə dönəcəyi söylənilir. Maraqlıdı ki, Ağayev də icraçı direktorun Türkiyədən fiziki hazırlıq üzrə mütəxəssislə dönə biləcəyini gizlətmədi: "Hələ xeyli əvvəl belə bir fikir vardı. Biz komandaya mütəxəssis qrupu dəvət etmək istəyindəyik. Ola bilsin ki, onlar klubumuza gəldi və biri burda qaldı. Həmin şəxs fiziki hazırlıq üzrə mütəxəssis ola bilər".
Sonda qeyd edək ki, Əmrah bəy hələ ki, Türkiyədən dönməyib. İstisna olunmur ki, Çəlikəl qonşu ölkədə həm də yeni oyunçuların transferiylə məşğul olsun. Klub rəsmisinin bütün bu işlərlə yanaşı orda fasilə dövründə hazırlığını Türkiyədə keçəcəyi söylənilən "Qarabağ" üçün otel və s. məsələləri həll etməsi də inandırıcıdı.