`Qarabağ` - `Turan`. 19 illik tarixin tarixi. Araşdırma
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
`Qarabağ` - `Turan`. 19 illik tarixin tarixi. Araşdırma
`Qarabağ`ımız sabah `Turan`ı qəbul edəcək. Bütün çempionatların iştirakçısı olan komandalar milli birincilikdə yubiley – 40 oyununa `Dalğa – Arena`da çıxacaqlar. Bəs, arxada qalan 39 oyunun rəqəmləri nəyi göstərir?
Ümumiyyətlə, `Qarabağ` - `Turan` rəqabətində ilk oyun Ağdamda baş tutub. 1992-ci ildə keçirilən ilk çempionatda 1:1 hesabı qeydə alınıb. Mayın 18-də Əmir Zamanovun idarə etdiyi oyunda Mahir Əliyev komandamızı 5-ci dəqiqədə önə keçirsə də, sona 4 dəqiqə qalmış qonaqlar Rüfət Quliyevlə hesabı bərabərləşdirə biliblər.13 iyulda isə Tovuzda cavab oyunu baş tutub və Gülağa Cabbarovun idarə etdiyi, 5000 azarkeşin izlədiyi oyunda ev sahibləri Vidadi Rzayev və Sakit Alıyevin qollarıya 2:0 hesabıyla qələbə qazanıb.
Tariximizdə ilk çempionluğumuzu qazandığımız 1993-cü ildə `Turan` üzərində ilk qələbəmizi qazanmışıq. Çempionatın fərqli formatıyla əlaqədar komandalar təsnifat mərhələsində üz-üzə gəlmədilər. Sumqayıtda, M.Hüseynzadə adına stadionda baş tutan yeganə yarımfinal oyununda (Oyunların sayının tək olması məhz həmin ildə baş tutan oyunla bağlıdır) komandamız 102-ci dəqiqədə hazırda `Qarabağ`ımızda məşqçi kimi çalışan Yaşar Hüseynovun vurduğu qolla qalib gələrək finala yüksəlib.(Finalda Xəzər(Sumqayıt) yenə də Hüseynovun vurduğu qolla məğlub edilib)
Ağdam işğal olunan ildə `Qarabağ`la `Turan` çempionatla yanaşı kubokun da ½ mərhələsində qarşılaşıblar. 12 mayda doğma rayonumuzda baş tutan və 8000 azarkeşin izlədiyi oyunda bu dəfə də Yaşar Hüseynovun vurduğu tək qol qələbə gətirib. Cavab görüşündə də Mahir Əliyev və Mehman Alışanovun vurduğu qolla 2:1 hesabıyla qalib gələn komandamız finala yüksəlib sonda `İnşaatçı`nı (Sabirabad) Müşfiq Hseynovun qoluyla məğlub edərək `qızıl dubl`u reallaşdırıb...
Sabah `Qarabağ`ımız 3 xalı qazansa rəqib üzərində 40-cı oyunda 18-ci dəfə qələbəyə sevinəcək. `Turan` isə indiyə kimi 14 oyunda qələbə qazanıb. Amma tovuzluların 3 qələbəsi texniki qələbəylə qazanılıb. 1995/96, 98/99 və 2000/01 mövsümlərində qeydə alınan texniki qələbələr `Qarabağ`ın ağır durumlarında qeydə alınıb.
Maraqlıdı ki, `Turan`ın 3 böyük hesablı qalibiyyətinin 2-i məhz həmin mövsümlərdə qeydə alınıb, 95/96-da 0:3, 00/01-də 2:5. 2004/05 mövsümün son turunda tovuzlular `Qarabağ` üzərində ən böyük qələbələrini qeyd ediblər, 4:0.
Əvəzində `Qarabağ`ımız 4 dəfə eyni uğura imza atıb. 97/98-də 5:1, 01/02-də 5:2, 03/04-də isə 4:0-lıq qələbələr qazanmışıq. Tərəflər arasında ötən mövsüm Fevralın 25-də Suraxanı qəsəbə stadionunda baş tutan qarşılaşmada isə `Qarabağ`ımız tarixində 4-cü dəfə `Turan`ı böyükhesablı məğlubiyyətə uğradıb, 5:1.
Ümumiyyətlə, `Qarabağ`ımız son illərdə `Turan`a qarşı olduqca uğurlu çıxış edir. `Qarabağ`ımız çempionatda rəqibinə sonuncu dəfə 2006-2007 mövsümündə məğlub olub. 2006-cı ilin dekabrın 13-də Tovuzda baş tutan qarşılaşmada Böyükağa Ağayevin başçılıq etdiyi komanda 3:1 hesabıyla məğlub olub. Ağayevin `Qarabağ`ın başındakı sonuncu matçında komandamız tək qoluna imza atan Müşfiq Hüseynov bununla da karyerasını bitirərək `Qarabağ`ımızda məşqçilik karyerasına başladı. Başqa sözlə 5 ildir ki, `Qarabağ` `Turan`a məğlub olmur.
`Qarabağ`ın `Turan`a qarşı sonuncu ev məğlubiyyətindən 10 ildən çox keçir. 2000/01-də Mayın 5-də OİK stadionda qeydə alınmış 2:5-lik məğlubiyyət sonuncudur. Həmin oyundan sonra 9 `ev` oyununda məğlubiyyət görməmişik. Ümumiyyətlə, `Qarabağ`sonuncu dəfə rəqibinə 07/08 mövsümündə xal verib, 0:0. Son 6 görüşün hamısında isə komandamız tovuzluları məğlub edib.
Keçirdiyimiz 39 görüşdə 51 dəfə rəqibinə qol vuran komandamız, 39 dəfə qapısından topu çıxarıb.
`Qarabağ`la `Turan` 5 kubok mövsümündə qarşılaşıblar. Baş tutan 9 qarşılaşmada 7 dəfə qələbə qazanıb, 1 dəfə məğlub olub. Qarşıdurma tarixində baş tutan yeganə heç-heçə isə ötən mövsüm qeydə alınıb,0:0. Penaltilərlə növbəti mərhələyə çıxan `Turan` ilk dəfə bunu bacarıb. 14 dəfə rəqibini meydanın mərkəzinə dəvət edən `Qarabağ`ımız `Turan`a 5 dəfə eyni sevinci yaşadıb.
Qeyd: Araşdırma `Qarabağ` FK mətbuat xidmətinə məxsus olub, istifadə zamanı istinad zəruridir...