“Qarabağ” UEFA Avropa Liqasının pley-offunda
“Qarabağ” UEFA Avropa Liqasının pley-offunda
“Qarabağ” – “Hekken” – 2:1
Leandro Andrade, 1, Yassin Benzia, 45+3 – Bədavi Hüseynov, 90+3 (öz qapısına)
“Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib. Komandamız UEFA Avropa Liqasının qrup mərhələsinin son matçına çıxıb. Qurban Qurbanovun yetirmələri VI turda “Hekken”i qəbul edib.
İsveç təmsilçisi ilə matç erkən qolla başlayıb. Leandro Andrade rəqibin səhvindən sonra yiyələndiyi topu qapıya göndərib. 1-ci dəqiqədə hesabı açan komandamız üstünlüyü də ələ alıb. Düzdür, qonaqlar ara-sıra təhlükəli hücumlar qursa da, topa və oyuna nəzarət “Qarabağ”da olub.
Yassin Benzia, Abdullah Zubir, Olavio Juninyo ön xətdə fallıqları ilə seçiliblər. Amma komandamız real qol vəziyyəti yaratmaqda çətinliklə üzləşib. Fasilə ərəfəsində “Qarabağ” fərqi artıra bilib. Yassin Benzia uzatma dəqiqələrində qarşısıalınmaz zərbə endirib – 2:0.
İkinci yarıya qonaqlar daha fəal başlayıb. Andrey Lunyov bir epizodda seyvlə yadda qalıb. Ardınca Abdullah Zubir fərqlənməyə yaxın olsa da, onun cərimə meydançasından endirdiyi zərbədən sonra top qapının yanından keçib. Komandamız azlıqda qaldıqdan sonra isveçlilər daha çox hücum təşkil edib. Lakin müdafiəçilərimiz və Andrey Lunyovun inamlı oyunu hesabın dəyişməsinə imkan verməyib. “Qarabağ”ın da fərqi artırmaq imkanları olub. Lakin Mateus Silva və Toral Bayramovun zərbələri hesabı dəyişməyə kifayət etməyib. Skandinaviya təmsilçisi isə uzatma dəqiqələrində bir dəfə fərqlənməyə nail olsa da, komandamız üstünlüyü sonadək qoruyaraq 2:1 hesablı qələbə ilə xallarının sayını 10-a çatdırıb.
Bu qələbə ilə “Qarabağ” qrupda ikinci yeri tutub. Komandamız UEFA Avropa Liqasının pley-offuna vəsiqə qazanıb. Bu, Azərbaycan futbolu tarixində ilkdir. Çoxsaylı ilklərə imza atan “Qarabağ” ardıcıl iki il oynadığı UEFA Konfrans Liqasının pley-offundan sonra UEFA Avropa Liqasında da eyni mərhələyə yüksəlib.