“Qarabağ” UEFA Kubokunda: Qoqa Berayasız oynayacaq (champion, 07.07.2006)

single-news
7 İyl 2006

“Qarabağ” UEFA Kubokunda: Qoqa Berayasız oynayacaq (champion, 07.07.2006)



Türkiyənin Ankara şəhəri yaxınlığındakı “Patalya” mehmanxanasında toplanış keçirən “Qarabağ” növbəti yoldaşlıq görüşünüdə qüvvəsini sınayıb. İyulun 5-də baş tutmuş “Qarabağ” - “Konyaspor” matçında ikincilər dörd cavabsız qolla qalib gəliblər. Superliqa təmsilçisi ötən oyundakı məğlubiyyətin əvəzini çıxıb. Belə ki, ilk görüşdə “Konyaspor”un əvəzedicilərini 3:0 hesabı ilə məğlub edən həmyerlilərimiz bu dəfə əsas komandadan ağır zərbə alıblar. Baş məşqçi Nurullah Sağlam meydançaya optimal heyəti buraxmaqla buna nail olub. Aldığımız məlumata əsasən, Ağdam təmsilçisi üç-dörd real qol şansı yaxalayıb. Lakin futbolçularımız bunlardan istifadə edə bilməyiblər. “Qarabağ” meydançaya aşağıdakı heyətlə çıxıb: C. Həsənzadə; S. Sokolov; B. İliç (H. İsgəndərov); A. Məmmədov; A. Kərimov; Rom. Hüseynov; E. Xankişiyev (M. Hüseynov); V. Haqverdiyev (M. Orucov/S. Abbasov); Ram. Hüseynov (N. Yusifov); H. Dəmir (X. Mərdanov); K. Kərimov (S. Musayev) Qeyd edək ki, klubun çalışdırıcısı Böyükağa Ağayevin əsas məqsədi bu qarşılaşmalar zamanı heyətdə olan çatışmazlığı aradan qaldırmaqdır. Plana uyğun hərəkət edən baş məşqçi sonuncu oyundan sonra problemlə qarşılaşıb. Belə ki, bəzi futbolçular zədələniblər. Onlar arasında Qoqa Beraya da var. Gürcü yarımmüdafiəçi UEFA Kubokunda komandaya kömək edə bilməyəcək. Qoqa məşq zamanı dizindən zədə alıb. Yaxın günlərdə futbolçu cərrahiyə əməliyyatı olunacaq. Sonuncu matçda da travma alan futbolçular olub. Bunlar Mübariz Orucov və Vasif Haqverdiyevdir. Samir Musayevin dizindəki ağrılar isə həkimlər tərəfindən aradan qaldırılıb. Lakin Samir UEFA Kubokunda komandaya köməklik etdikdən sonra cərahiyyə əməliyyatına məruz qalacaq. Nəzərinizə çatdıraq ki, baxışda olan moldavalı futbolçu Yulian Bursuk geri qaytarılıb. Ola bilsin ki, Türkiyənin “Gəncləbirliyi” klubundan dəvət edilən Hakan Dəmirdən də imtina edilsin. Buna növbəti yoldaşlıq oyunundan sonra aydınlıq gələcək. Sonda isə qeyd edək ki, sözügedən qarşılaşma bu gün “Ankaraspor” komandası ilə keçiriləcək.

Paylaş