"QARABAĞ" VAQİF CAVADOVU TƏMTƏRAQLA YOLA SALDI (supersport.az)
"QARABAĞ" VAQİF CAVADOVU TƏMTƏRAQLA YOLA SALDI (supersport.az)
"QARABAĞ" VAQİF CAVADOVU TƏMTƏRAQLA YOLA SALDI
"VAQİFƏ MƏSLƏHƏTİM ODUR Kİ, "TVENTE"DƏ DÖYÜŞMƏYƏ ÇIXSIN"
“Qarabağ” Vaqif Cavadovun Niderlandın “Tvente” klubuna transferi ilə bağlı bu gün “Azersun Holdinq” Şirkətlər Qrupunun mədəniyyət mərkəzində mərasim keçirib. Tədbirdə komandanın vitse-prezidenti Tahir Gözəllə yanaşı, AFFA-nın vitse-prezidenti Rauf Əliyev, baş katibi Elxan Məmmədov, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, yazıçı Aqil Abbas, Azərbaycan Yazıçılar İttifaqının katibi Rəşad Məcid, futbol veteranı Oqtay Abdullayev, Füzuli Cavadov, ”Qarabağ”ın təsisçilərindən Adil Nadirov və başqa tanınmış futbol adamları, ziyalılar iştirak edib.
Tədbirdə ilk olaraq Vaqif Cavadovun “Qarabağ”ın heyətində vurduğu qolların yer aldığı videoçarx qonaqlara nümayiş etdirilib.
Görüntülər zamanı mərasim iştirakçılarının alqışlarına səbəb olub. Vaqif Cavadov isə tədbirə “Tvente”nin idman formasında qatılıb.
“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Vaqif Cavadova uğurlar arzulayıb: “Vaqif, sənə uğurlar arzulayırıq. “Tvente”də də uğur qazanacağına inanırıq. Sənin yetişməyində əməyi olanların hər birinə təşəkkür edirəm. İstənilən uğurun “Qarabağ”ın uğuru olacaq. Ürəyimiz hər zaman səninlə olacaq”.
AFFA-nın vitse-prezidenti Rauf Əliyev çıxışında Vaqifə qurum prezidenti Rövnəq Abdullayevin təbrikini çatdırıb: ”Futbolumuz günü-gündən inkişaf edir. Vaqifin transferi inanıram ki, gələcəkdə futbolumuzun inkişafına böyük təkan olacaq. “Qarabağ” rəhbərliyinin düzgün siyasəti Vaqifin “Tvente” kimi məşhur kluba transferini reallaşdırdı”.
AFFA-nın baş katibi Elxan Məmmədov da təbriklərini çatdırıb. Məmmədov Cavadovun “Tvente”yə keçidini futbolumuzun ən böyük transferi adlandırıb: “Bu, futbol tariximizin ən böyük transferidir. Vaqif Cavadovun “Tvente” kimi kluba keçməsində “Qarabağ”ın da böyük əməyi var. İnanırıq ki, Vaqif Avropaya gedəcək sonuncu futbolçumuz olmayacaq”.
Daha sonra Vaqifin əmisi, veteran futbolçu İsgəndər Cavadov çıxış edib: “Mən Vaqifə “Tvente”də uğurlar arzulayıram. Orada da uğur qazanacağına inanıram. Vaqifin bu səviyyəyə çatmasına görə onun atasına, doğma qardaşım Füzuliyə təşəkkür etmək istəyirəm. Sağ olsun ki, 8 yaşında Vaqifi Azərbaycandan apardı. Onun nə əziyyət çəkdiyini bilirəm. Yadıma gəlir ki, Vaqif Azərbaycana gələndə çoxları onu bəyənmirdi. Amma “Qarabağ” rəhbərliyi Vaqifə sahib çıxdı”.
Ardından “Qarabağ” klubunun fəxri prezidenti, Ağcabədi-Ağdam dairəsi üzrə millət vəkili Aqil Abbas danışıb. “Mən “Qarabağ”ın xəstəsi yox, dəlisiyəm. Komandanın ağrılı, pis günlərinin də şahidi olmuşam. 2001-ci ildə “Azərsun” komandanı himayəyə götürdü. Əvvəlcə hər şey istənilən kimi alınmasa da, tədricən hər şey öz axarına düşdü. Nəticədə “Qarabağ”ın Avropa yolu açıldı. Komandamız yayda avrokuboklarda uğurlu çıxış etdi. İsgəndər və Füzuli Cavadovlar hər zaman Azərbaycan futbolunu layiqincə təmsil ediblər. Onlar futbolumuza daha bir davamçılarını - üçüncü Cavadovu bəxş etdilər. Düzü, mən istəməzdim ki, Vaqif Avropaya getsin. Ona görə ki, “Qarabağ”ı Avropadan və hamıdan çox istəyirəm. Həm də Vaqifin gedişi “Qarabağ”a çətinlik törədəcək. Amma digər tərəfdən sevinirəm ki, o, Azərbaycanı Avropanın sayılıb-seçilən futbol ölkəsinin çempionatında təmsil edəcək.
Dünən Qol.Az saytına verdiyim açıqlamada “bizim məşqçilərin Vaqifin potensialını tam açmağa ya vaxtları çatmadı, ya da bacarıqları. Amma avropalı məşqçilərin Vaqifin futbol potensialını açacaqlarına inanıram” demişdim. Bu sözlərimə görə, məşqçilərimiz məndən inciməsin. İnanıram ki, Cavadov daha böyük klublarda forma geyəcək. Bəzən oyunlar zamanı hətta mən də Vaqifə söymüşəm ki, topu gecikdirmə, vaxtında ötur. O “Qarabağ”da potensialını açdı. Ancaq “Tvente”də daha da inkişaf edib, dünyanın ən yaxşı klublarından birinə transfer olunacağına inanıram. Azərbaycanı layiqli şəkildə təmsil edəcəyinə inanıram. Onun Avropanın aparıcı klubuna keçidi bizim istedadlı futbolçularımızın yolunu açacaq. “Qarabağ”ın digər komandalardan bir üstün cəhəti var. Digər komandalar bu sözümdən inciməsinlər. Avropada, Afrikada, küçədə bir adam qalmayıb, hamısını gətiriblər bura. Amma “Qarabağ” yerli futbolçulara böyük önəm verir. Sözümün canı odur ki, azərbaycanlı futbolçulara diqqət yetirilməli, hərtərəfli şərait yaradılmalıdır. Mən demirəm ki, kənardan futbolçu gətirilməsin. Əcnəbilərin cəlb olunması mədəniyyətdir. “Qarabağ”ın yürütdüyü siyasət göz qabağındadır və bu baxımdan yeganədir. Bütün bunlara görə başda “Qarabağ”ın rəhbərliyi olmaqla baş məşqçi Qurban Qurbanova təşəkkür edirəm. İnanıram ki, Vaqifin ardınca Vüqar Nadirov da tezliklə Avropa klublarından birinə transfer olunacaq”.
Aqil Abbas çıxışını bu sözlərlə bitirib: “Qarabağ” Ağdama, Quzanlı stadionuna qayıdandan sonra Avropada uğurlar qazandı. İnsanın ayağı öz torpağına dəyəndən sonra dünyanın hər yerini zəbt edə bilər. Bundan sonra isə “Qarabağ” Quzanlıdan Ağdama, “İmarət” stadionuna gedəcək!”.
Sonra daha bir ziyalı, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxış edib: “Mən də öz növbəmdə Vaqifi “Tvente”yə transfer olunması münasibətilə təbrik edirəm. Bu, təkcə futbol yox, həm də siyasi bir aksiyadır. “Qarabağ” yayda avrokuboklarda böyük uğurlar qazandı. Arzum budur Vaqif “Tvente”də hər bir oyuna döyüşə çıxırmış kimi köklənsin və öz gözəl oyunu, vurduğu qollarla Qarabağın Azərbaycana məxsus olduğunu bir daha yaddaşlara həkk etsin”.
“Qarabağ”da uşaq futbolu üzrə məsul şəxs olan Həmdi Serpil Tüzün isə Vaqifi özünə inanmağa çağırıb: ”Təbii ki, “Qarabağ” yayda sübut etdi ki, futbol oynamağı bacarır. Vaqif özünə inanmalıdır. Özünə güvənsən rahat oynayacaqsan. Təbii ki, əsas məqsədimiz Vaqifin ardınca başqa Vaqifləri yetişdirməkdir”.
Vaqifin atası, futbol veteranı Füzuli Cavadov da danışıb: ”Vaqifi heç vaxt özümdən ayırmamışam. İnanın ki, Vaqif elə bil mənim deyil. ”Qarabağ”ın övladıdır. Ona elə diqqətlə yanaşdılar ki. “Qarabağ” rəhbərliyi öz əzizini “Tvente”yə əmanət etdi”.
Və nəhayət, çıxış etmək növbəsi səbəbkara çatıb. Vaqif Niderlandda təkcə özünü deyil, bütün Azərbaycanı təmsil edəcəyini bildirib: “Bu səviyyə çatmağıma görə “Qarabağ”a təşəkkür edirəm. Mən həmişə demişəm ki, bu komandanın heyətində səviyyəli futbolçular yetişə bilər. Bundan sonra da yetişəcəyinə inanıram. “Tvente”də təkcə özümü deyil, “Qarabağ” və ümumilikdə Azərbaycanı təmsil edəcəyimi dərk edirəm. Bu da məsuliyyətimi artırır. Söz vermişdim ki, Azərbaycanda sadəcə “Qarabağ”da oynayacam. Və klubu dəyişəsi olsam mütləq Avropaya gedəcəm. “Qarabağ” adına görə çempion olmağa, həm də ən yaxşısına layiqdir. “Tvente”də 20 nömrəni seçmək istəyirdim. Lakin bu nömrəni hazırda başqa bir futbolçu daşıdığından 7-ni seçdim. Yaxın günlərdə ölkəmizi tərk edirəm. “Tvente”də yalnız bir məqsədim var - əsas heyətə düşmək”.