"Qarabağ" "Viləş"ə "dərs" keçdi (AYNA, 27.09.2005)

single-news
27 Sen 2005

"Qarabağ" "Viləş"ə "dərs" keçdi (AYNA, 27.09.2005)



Ötən həftənin şənbə günü futbol üzrə ölkə kuboku uğrunda növbəti mövsümə start verilib. 1/16 final mərhələsindən başlanan yarışda yüksək və aşağı dəstədən ümumilikdə 29 komanda mübarizə aparır. Bunlardan üçü - son ölkə çempionu "Neftçi", kubokun sahibi "Bakı", eləcə də "İnter" mübarizəyə ikinci mərhələdən qoşulacaq. Güclülər dəstəsinin təmsilçisi MOİK səfərdə "Göygöl"lə qarşılaşıb. Xanlar klubu I dəstənin favoriti sayılsa da, onun ölkə kubokunda mübarizəni elə ilkin mərhələdəcə dayandıracağını ehtimal etmək olardı. "Hərbçilər"in "Göygöl"ə uduzacaqları inandırıcı görünmürdü. Lakin Xanlar komandası ilk görüşdə 2:0 hesabı ilə qələbə qazanıb. "Qarabağ" isə səfərdə "Viləş"ə əsl futbol dərsi keçib. Bu qarşılaşmanın aşkar favoriti Ağdam klubu sayılsa da, meydan sahiblərinin heç olmasa müqavimət göstərəcəyi gözlənilirdi. Oyuna gəlincə, ilk dəqiqələr qonaqların üstünlüyü ilə başlayıb. İlk hissədə yalnız Vasif Haqverdiyev fərqlənib. İkinci hissədə "Qarabağ" oyunun taleyini həll edib. Taym başlayandan 15 dəqiqə ərzində Azər Cabbarov, Denis Sokolovski və Dmitri Yeremeyev hesabı 4:0-a çatdırıblar. Rəqibini bütün komponentlərdə üstələyən "Qarabağ" daha bir qol vurmaqla böyükhesablı qələbəni rəsmiləşdirib. Son nöqtəni Denis Sokolovski mükəmməl cərimə zərbəsi ilə qoyub. "ABN-Bərdə" öz meydanında "Gənclərbirliyi" ilə qüvvəsini sınayıb və uduzub - 0:2. Qalib 1/8 finalda "Neftçi" ilə qarşılaşacaq. Milli çempionatın lideri "Turan" Zaqatalanın "Simurq"u ilə Şəkidə oynayıb. Tovuz təmsilçisi rəqibini məğlub edə bilməyib - 1:1. Mingəçevirdə yerli "Energetik" çempionatın debütantı "Olimpik"i qəbul edib. Meydan sahibləri 1:3 hesabı ilə məyus olublar. Qalib 1/8 finalda "Bakı" ilə oynayacaq. "Anşad-Petrol" "Xəzər-Lənkəran-2"yə "quru" hesabla uduzub - 0:3. Bazar günü isə ilkin mərhələ çərçivəsində daha 6 oyun keçirilib. "Rote Fahne" (Tovuz) "Göyəzən"lə (Qazax) bacarmayıb - 0:1. Qalib 1/8 finalda "İnter"lə qüvvəsini sınayacaq. Digər oyunlar belə nəticələnib: "Şahdağ-2" - "MKT-Araz" - 0:3, "Yeni Yevlax" - "Bakılı" - 1:3, "Gənclərbirliyi-2" - "Şahdağ" - 2:5, "Şərur" (Bakı) - "Xəzər-Lənkəran" - 0:5, "Ədliyyə" - "Karvan" - 0:3. "Neftçi-2" - "Gəncə" matçı başqa vaxta keçirilib. Qeyd edək ki, 1/16 final mərhələsinin cavab görüşləri oktyabrın 15 - 16-da keçiriləcək.

Paylaş